Azərbaycan
   
   25 mart 1897 - Ədəbiyyatşünas, publisist, teatrşünas, Əməkdar mədəniyyət işçisi Qulam Məmməd oğlu Məmmədli (1897 - 18.11.1994) Təbrizdə doğulub. Cənubi Azərbaycan şairlərinin (Heyran xanım, Mirzə Əli Möcüz və s.) əsərlərini toplayıb və nəşr etdirib.
   25 mart 1907 - Görkəmli şair Almas İldırım (İldırım Əbdülməhəmməd oğlu Almaszadə; 1907 - 14.1.1952) Bakıda doğulub. İstiqlal və millətçilik ruhlu şeirlərinə görə 1930-cu ildə Yazıçılar Birliyindən xaric edilərək Türkmənistana sürgün edilib. 1933-cü ildə İrana, oradan Türkiyəyə mühacirət edib. Elazığda vəfat edib. 
   25 mart 1931 - Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor İnayət Heydər oğlu Bəktaşi (1931 -9.9.1989) anadan olub.
   25 mart 1932 - Əməkdar jurnalist Əşrəf Əhmədpaşa oğlu Hacıyev (1932-2001) anadan olub.
   25 mart 1933 - Şair, dramaturq Rüfət Zülfüqar oğlu Əhmədzadə (1933 - 15.12.1988) Bakıda anadan olub. «Bildirçinin bəyliyi», «Zarafatsız zarafat», «Hələlik», “Sonuncu məhəbbət” və s. komediyaların, satirik şeirlərin müəllifidir.
   
   26 mart 1893 - Opera müğənnisi, Xalq artisti Fatma Səttar qızı Muxtarova (1893 - 19.10.1972) Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Uşaq yaşlarında ailəsi Rusiyaya köçüb. 20-30-cu illərdə Rusiya, Ukrayna, Gürcüstan teatrlarında çıxış edib. 1938-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 
   26 mart 1902 - Tanınmış xanəndə, Əməkdar artist Yavər Əli qızı Kələntərli (1902 - 5.2.1979) Şamaxıda anadan olub.
   26 mart 1910 - Görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov (1910 - 31.1.1963) anadan olub. 1933-cü ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Teatr tamaşalarında (“Vaqif”, “Otello” və s.), kinofilmlərdə (“Fətəli xan” - Fətəli xan, “Qara daşlar” - İsmayılzadə, “Səhər” - Rəhim bəy, “Böyük dayaq” - Rüstəm kişi və s.) unudulmaz obrazlar yaradıb.
   26 mart 1910 - Yazıçı-dramaturq Sabit Rəhman (Sabit Kərim oğlu Mahmudov, 1910-1970) Şəkidə anadan olub. Əsərləri: "Toy", "Xoşbəxtlər", "Əliqulu evlənir", “Nişanlı qız” (pyes), "Nina" (roman), "Vəfasız", "Son faciə" (povest) və s. “Arşın mal alan” (1945)", "O olmasın, bu olsun”, "Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenari müəllifidir.
   26 mart 1926 – Tarixçi alim, AMEA-nın müxbir üzvü Oqtay Əbdülkərim oğlu Əfəndiyev (1926-2013) Bakıda anadan olub.
    
   27 mart 1927 - Məşhur violonçel ifaçısı, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (1927 - 27.4.2007, Moskva) Bakıda anadan olub. Dünyanın bir çox ölkələrinin mükafatlarına, o cümlədən Azərbaycanın ən ali təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülüb.
   27 mart 1930 - Şair, folklorşünas alim, professor Rüstəm Bayraməli oğlu Rüstəmzadə (1930-2014) Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olub.
   27 mart 1937 - Kino rəssamı Fikrət İbrahim oğlu Əhədov (1937 - 2.11.1994) Bakıda anadan olub. “Gilas ağacı”, “Qərib cinlər diyarında”, “Yol əhvalatı”, “Kişi sözü” və s. filmlərə bədii tərtibat verib.
   27 mart 1986 - Tanınmış aktyor, teatr və kinoda yaddaqalan obrazlar yaratmış Səməndər Rzayev (2.1.1945 - 1986) vəfat edib. “Nəsimi”, “Babək”, “Babamızın babasının babası”, “Evlənmək istəyirəm”, “Bağ mövsümü”, “Bəyin oğurlanması” və s. filmlərdə maraqlı obrazlar qalereyası yaradıb.
    
   28 mart 1886 - SSRİ Xalq artisti Sidqi Ruhulla (Ruhulla Fətulla oğlu Axundov, 1886 - 5.5.1959) Bakının Buzovna kəndində doğulub. Tiflisdə Azərbaycan teatrının inkişafında xidmətləri olub, Təbrizdə milli teatrın yaradıcısıdır. 1916-cı ildə Daşkənddə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarını tamaşaya qoyub. 1924-cü ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. “Kəndlilər”, “Fətəli xan” filmlərində çəkilib.
   28 mart 1895 - Tanınmış ədəbiyyatşünas, tərcüməçi Əziz Şərif (Əziz Qurbanəli oğlu Şərifzadə; 1895 - 1.6.1989) Naxçıvan şəhərində doğulub. Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin professoru olub. Rus ədəbiyyatından Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatı nümunələrini ruscaya tərcümə edib.
   28 mart 1919 - Mədəniyyət xadimi, aktyor, ssenarist, rejissor Cahangir Aslanoğlu (Məmmədov; 1919-1998) anadan olub. "Gülmək cana faydadır", "Qarğa, məndə qoz var" və s. komediyaların, yumoristik hekayə və səhnəciklərin müəllifidir.
   28 mart 1924 - Şair, tərcüməçi, Dövlət mükafatı laureatı Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev, 1924 - 14.3.1992) anadan olub. Uşaqlar üçün əsərlərin müəllifidir, rus dilindən ədəbi nümunələri tərcümə edib. Respublika Televiziya və Radio Verilişləri Komitəsinin sədri, mədəniyyət nazirinin müavini işləyib.
   
   29 mart 1873 - Şair Mirzəli Möcüz Şəbüstəri (1873-1934) Cənubi Azərbaycanda, Şəbüstər qəsəbəsində anadan olub.
   29 mart 1939 - Yazıçı-dramaturq Süleyman Sani Axundov (3.10.1875 - 1939) vəfat edib. Yazıçının «Qorxulu nağıllar» adı altında toplanan hekayələri Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır. 
   29 mart 1951 - Əməkdar incəsənət xadimi, professor Azad Sabir oğlu Əliyev (1951 - 30.3.2014) Bakıda doğulub. Azərbaycan Televiziyası və Radiosu Niyazi adına simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru olub.
    
   30 mart 1945 - Xalq artisti Şəfiqə Haşım qızı Məmmədova Dərbənddə doğulub. “Qaraca qız”, “Dədə Qorqud”, “Bizim Cəbiş müəllim”, “İstintaq” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Milli Məclisin deputatı (1995-2000) olub. Mədəniyyət və İncəsənət Universitetinin professorudur. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədridir.
   30 mart 1949 - Opera müğənnisi, Xalq artisti Səfa Qəhrəmanov (1949 - 5.5.2008) Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olub.
   
   Dünya
   
   25 mart 1611 - Türk səyyahı, coğrafiyaşünas, tarixçi, etnoqraf və şair Övliya Çələbi ibn Dərviş Məhəmməd Zilli (1611-1682) İstanbulda doğulub. 10 cildlik “Səyahətnamə” əsərində dövrün mühüm tarixi, mədəni, etnoqrafik mənzərəsi əks olunub.
   25 mart 1897 - Fransız rejissoru, ssenarist, kino nəzəriyyəçisi Jan Epşteyn (Jean Epstein; 1897-1953) anadan olub. 
   
   26 mart 1874 - Amerikanın məşhur şairlərindən Robert Frost (1874-1963) San-Fransiskoda doğulub.
   26 mart 1911 - Amerika yazıçı-dramaturqu Tenessi Uilyams (Tennessee Williams, 1911-1983) anadan olub. Pyesləri: “Arzu” tramvayı”, “Şüşə qəfəs” və s. Əsərləri əsasında filmlər çəkilib.
   
   27 mart Dünya Teatr Günüdür (World Theatre Day). 1961-ci ildə Beynəlxalq Teatr İnstitutunun (1948-ci ildən UNESCO nəzdində fəaliyyət göstərir) Vyanada keçirilən IX konqresində qəbul edilmiş qərara əsasən qeyd olunur.   
   27 mart 1871 - Yəhudi əsilli alman yazıçısı Henrix (Heinrich) Mann (1871-1950) anadan olub. 1933-cü ildə Fransaya, oradan ABŞ-a köçüb. “Müqəddəs torpaq”, “İtaətkar”, “Kral IV Henrixin gənclik illəri” və s. romanların müəllifidir.
   27 mart 1952 - Fransız aktrisası Maria Şnayder (Schneider; 1952 - 3.2.2011) anadan olub. Filmləri: “Parisdə sonuncu tanqo”, “Peşəsi - reportyor” və s.
   27 mart 1963 - Amerika rejissoru Kventin Tarantino (Quentin Jerome Tarantino) anadan olub. "Quduz köpəklər", "Kriminal qiraət" və s. filmlərə quruluş verib, “Oskar”, “Qızıl palma budağı” (Kann festivalı) mükafatları laureatıdır. 
    
   28 mart 1483 - İtalyan rəssamı, qrafik, memar Rafael (Raffaello Santi, 1483-1520) anadan olub. Məşhur “Sistin madonnası” (“Madonna Sistina”) əsərinin müəllifi, Romadakı Müqəddəs Pyotr kilsəsinin memarıdır.
   28 mart 1868 - Rus yazıçı-dramaturqu Maksim Qorki (Aleksey Maksimoviç Peşkov; (1868 - 18.6.1936) anadan olub. Əsərləri: “Ana”, “Foma Qordeyev”, “Artamonovların işi”, “Klim Samqinin həyatı” (roman); “Meşşanlar”, “Həyatın dibində”, “Yeqor Bulıçev və başqaları”, “Vassa Jeleznova” (pyes) və s.
   28 mart 1925 - SSRİ Xalq artisti İnnokenti Mixayloviç Smoktunovski (1925-1994) anadan olub. Filmləri: “Hamlet” (Hamlet), “Avtomobildən qorun” (Detoçkin) və s.
   28 mart 1936 - Peru yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (2010) laureatı Mario Varqas Lyosa anadan olub. “Şəhər və itlər”, “Yaşıl ev”, “Kilsə”də söhbət”, “Keçi bayramı” və s. romanların müəllifidir. 
   
   29 mart 1735 - Alman yazıçısı, folklorşünas Yohan Muzeus (Johann Karl August Musaus; 1735-1787) anadan olub. 
   29 mart 1936 - Rus kinorejissoru, aktyor Stanislav Sergeyeviç Qovoruxin anadan olub. “Görüş yerini dəyişmək olmaz”, “Voroşilov nişançısı” və s. filmlərə quruluş verib.
   29 mart 1949 - Türk musiqiçisi, bəstəkar, müğənni Kayahan Açar (1949 - 3.4.2015) İzmirdə doğulub.
   
   30 mart 1746 - İspan rəssamı, romantizmin parlaq nümayəndəsi Fransisko Xose de Qoyya (Francisco Jose de Goya y Lucientes, 1746-1828) anadan olub.
   30 mart 1844 - Fransız şairi, ədəbiyyatda impressionizm və simvolizmin banilərindən biri Pol Verlen (Paul Marie Verlaine, 1844-1896) anadan olub. 
   30 mart 1853 - Holland rəssamı, postimpressionizmin nümayəndəsi Vinsent Uilyam van Qoq (Vincent Willem van Gogh, 1853 - 29.7.1890) anadan olub. 
   
   Hazırladı: Vüqar Orxan