Türk Mədəniyyəti və İrsi Fondu layihə həyata keçirəcək
   
   Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Milli Elmlər Akademiyasının bir qrup əməkdaşı ilə görüşüb. Alim-tədqiqatçılarla görüşdə türk dövlətlərinin Böyük İpək Yolu coğrafiyasında yeri və rolu barədə fikir mübadiləsi aparılıb, bununla bağlı geniş bir layihənin həyata keçirilməsinin vacibliyi vurğulanıb. G.Əfəndiyeva tarixi İpək Yolunun türkdilli xalqların tarixi-mədəni irsinin, ənənələrinin və dəyərlərinin tanınması, onların bir-birinə daha da yaxınlaşması və inteqrasiyasında əhəmiyyətindən bəhs edib. 
   Bildirilib ki, ilkin mərhələ olaraq “Azərbaycan Böyük İpək Yolu sistemində” layihəsinin həyata keçirilməsi nəzərdə tutulub. Görüşdə layihənin beynəlxalq ictimaiyyətə tanıdılması, layihənin icrası, gözlənilən nəticələrinə dair ətraflı fikir mübadiləsi aparılıb.