2016-cı ilin aprelində Azərbaycan Ordusunun göstərdiyi şücaət, əsgər və zabitlərimizin qəhrəmanlığı haqqında hələ çox kitablar yazılacaq, filmlər çəkiləcək.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında belə qəhrəmanlardan biri - kəşfiyyatçı-komandir, polkovnik-leytenant Raquf Orucovdan bəhs edən filmin və “Murov qartalı” kitabının təqdimat mərasimi keçirilib.
Şəhər rəhbərliyi, Milli Məclisin deputatları, şəhid komandirin döyüş yoldaşları, ailə üzvləri və hərbçilərin iştirak etdiyi tədbirdə Raquf Orucovun şərəfli ömür yolundan bəhs edən film nümayiş olunub. 1972-ci ildə Ağdam rayonunun Çilli kəndində doğulan Raquf İbrahim oğlu Orucovun kəşfiyyatçı bioqrafiyasında mühüm yer tutan hadisələrdən xüsusi qrupla düşmən arxasına keçərək, 3 erməni hərbçisini əsir götürüb sağ-salamat geri qayıtması olub.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov, Milli Məclisin deputatı Tahir Mirkişili və digər çıxış edənlər Raquf Orucovun göstərdiyi qəhrəmanlıqdan söz açıblar, onunla bağlı xatirələrini söyləyiblər. Qəhrəmanın yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıq hisslərini ifadə ediblər.
Tədbirdə vətənpərvərlik mövzusunda şeirlər və musiqi nömrələri səsləndirilib.