Azərbaycan
8 aprel 2000 - Bakıda böyük türk (oğuz) eposu "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyi türkdilli ölkələrin dövlət başçılarının iştirakı ilə qeyd olunub.
9 aprel 1905 - Şair, ədəbiyyatşünas, tərcüməçi Cəfər Rəmzi (Cəfər Balaəmi oğlu İsmayılzadə; 1905 - 11.09.1996) Bakının Mərdəkan kəndində doğulub. Azərbaycan ədəbiyyatında işlədilən ərəb, fars sözləri lüğətinin, "Deyilən söz yadigardır" adlı üçcildlik toplunun tərtibçisidir.
9 aprel 1946 - Tanınmış aktyor və rejissor Ceyhun Mirzəyev (1946 - 5.3.1993) Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olub. “Ögey ana” filmində (1958) İsmayıl rolu ilə məşhurlaşıb. “Dəli Kür”, “Yenilməz batalyon” , “Qanun naminə”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib. Rejissor işi: “Bəyin oğurlanması” (V.Mustafayevlə birgə), “Fəryad” (eyni zamanda baş rolun ifaçısı).
10 aprel 1923 - Yazıçı-dramaturq Salam Qədirzadə (1923 - 16.11.1987) anadan olub. "46 bənövşə", "Nar çiçəyi nağılı", "Sevdasız aylar", "Sən olmasaydın" və s. nəsr əsərləri, "Şirinbala bal yağır", "Hardasan, ay subaylıq", "Həmişəxanım" komediyalarının müəllifidir.
11 aprel 1854 - Yazıçı, dramaturq, publisist Nəcəf bəy Vəzirov (1854 - 9.7.1926) Şuşada anadan olub. Bəzi mənbələrdə doğum günü kimi 2, 7 aprel göstərilir. “Müsibəti-Fəxrəddin” əsəri ilə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub. «Ev tərbiyəsinin bir şəkli», “Yağışdan çıxdıq, yağmura düşdük” və s. komediyaların müəllifidir.
11 aprel 1914 - Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev; 1914 - 6.11.2009) Bakının Mərdəkan kəndində doğulub. Əsərləri: "Şimal küləyi", "Dəniz qapısı", "Ömrün oğlan çağları", "Dəniz həmişə göy olmur", "Madam Qədri" və s. "Kölgələr sürünür", "Yenilməz batalyon" filmlərinin ssenarisini yazıb.
Dünya
8 aprel 1692 - İtaliya bəstəkarı, skripkaçı Cüzeppe Tartini (1692-1770) anadan olub. “Şeytan sonatası” (“Sonate du diable”) ilə məşhurluq qazanıb.
8 aprel 1859 - Alman filosofu, fenomenologiyanın banisi Edmund Husserl (1859-1938) anadan olub. Əsərləri: “Avropa elmlərinin böhranı və transendental fenomenologiya”, “Məntiqi tədqiqatlar”.
8 aprel 1973 - İspan rəssamı, heykəltəraş Pablo Pikasso (Pablo Ruiz Picasso; 25.10.1881 - 1973) vəfat edib. Kubizm cərəyanının banilərindən biridir. Məşhur əsərləri: "Avinyonlu qızlar", "Şar üzərində qızcığaz", "Gernika".
9 aprel 1821 - Fransa şairi və ədəbiyyatşünası Şarl-Pyer Bodler (Charles Pierre Baudelaire; 1821-1867) anadan olub.
9 aprel 1933 - Fransız aktyoru Jan Pol Belmondo (Jean-Paul Belmondo) anadan olub. Filmləri: “Son nəfəsdə”, “Oğru”, “Missisipidə həyəcan”, “Taleyin şıltağı”, “Professional”, “Doktor Popol” və s.
10 aprel 1847 - Amerika jurnalisti, naşir Cozef Pulitser (Joseph Pulitzer, 1847-1911) anadan olub. Jurnalistika aləmində məşhur Pulitser mükafatının yaradıcısıdır.
10 aprel 1932 - Misir və Amerika aktyoru Ömər Şərif (əsl adı Mişel Demetri Şalhub; 1932 - 10.7.2015) İsgəndəriyyə şəhərində doğulub. Filmləri: “Ərəbistanlı Lourens”, “Çingiz xan”, “On üçüncü döyüşçü”, “Sirli ada” və s.
10 aprel 1937 - Tatar əsilli rus şairəsi Bella Axmadulina (1937-2010) anadan olub. “Titrəmə”, “Musiqi dərsləri”, “Çovğun”, “Şam”, “Bağ” və s. poetik topluların müəllifidir.
11 aprel 1914 - Kanada kinorejissoru və rəssamı, məşhur multiplikator, “Oskar” mükafatı laureatı Norman MakLaren (1914-1987) anadan olub.
Hazırladı: Vüqar Orxan