Aprelin 7-də Rusiya Rəssamlıq Akademiyası yanında V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunda (MDARİ) Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevə bu ali məktəbin fəxri professoru adının təqdim edilməsi mərasimi keçirilib.
İnstitutun rektoru Aleksandr Lyubavin tədbiri açaraq mədəniyyət sahəsində Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin inkişafından danışıb. Çingiz Fərzəliyevin bu ali məktəbin məzunu olduğunu qeyd edən rektoru onun fəaliyyətini yüksək qiymətləndirib: “Çingiz Fərzəliyev muzey rəhbəri kimi böyük təcrübəyə malik olmaqla yanaşı, həm də Azərbaycan incəsənətinə həsr edilmiş silsilə kitabların müəllifi və tanınmış fırça ustasıdır. Bu gün isə o, institutumuza MDARİ məzunlarının işlərinin daxil edildiyi kitabı hədiyyə edib. Çox şadam ki, Çingiz Fərzəliyev institutumuzun fəxri professoru oldu. Biz institutumuzla Azərbaycan Milli İncəsənət Muzeyi arasında əməkdaşlığın davam edəcəyinə ümidvarıq”.
Yüksək mükafata layiq görüldüyü üçün institutun rəhbərliyinə təşəkkürünü bildirən Çingiz Fərzəliyev tələbəlik xatirələrini bölüşərək deyib: “1967-ci ildə mən SSRİ-nin ən yaxşı ali rəssamlıq məktəbinə qəbul olundum. Bu, inanılmaz xoşbəxtlik idi. Əlli il keçdi və mən bu institutun fəxri professoru oldum, bu, böyük şərəfdir. Bu ali məktəbdə aldığım gözəl təhsil mənim gələcəyimi müəyyənləşdirib. Bütün nailiyyətlərim V.İ.Surikov adına MDARİ-də aldığım təhsilin nəticəsidir. Muzeyimiz bu institutun məzunlarının Bakıda sərgisini təşkil etməyi planlaşdırır”.
Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Vüqar İmaməliyev Çingiz Fərzəliyevi fəxri ad alması münasibətilə təbrik edib.
Tədbirin sonunda Çingiz Fərzəliyev tələbələrlə söhbət edib, institutun professor-müəllim heyəti ilə görüşüb.
Qeyd edək ki, Çingiz Fərzəliyev Azərbaycan rəssamları haqqında “Xalq sərvəti” seriyasından 50 kitabın, habelə “Azərbaycan rəngkarlığının antologiyası”, “Azərbaycan xalq sənəti”, “Natürmort”, “Mənzərə”, “Portret” və digər fundamental əsərlərin müəllifidir. 2014-cü ildə Kembric Universitetinin Beynəlxalq Bioqrafik Mərkəzinin “Sənətdə görkəmli şəxsiyyət” mükafatına layiq görülüb.