Ölkə başçısı Yasamal rayonundakı məscid ətrafında vəziyyətin araşdırılması ilə bağlı xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib
   
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.
   Bu haqda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məlumat verib. Onun sözlərinə görə, dövlət başçısı məscidin sökülməsinin dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılmasını tapşırıb.
   Əli Həsənov qeyd edib ki, xalqımızın dini-mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, din və vicdan azadlığının təmin olunması, dini abidələrin, məscidlərin, ibadət evlərinin təmir-bərpa olunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycan xalqının milli-mənəvi və dini dəyərlərinə böyük ehtiramla yanaşan ümummilli lider Heydər Əliyev müstəqilliyin ilk illərində məhdud imkanlara baxmayaraq, sovet dövründə fəaliyyəti dayandırılmış və yararsız vəziyyətə düşmüş məscidlərin bərpası və yenidən qurulmasına xüsusi diqqət yetirib. Dağıdılmış tarixi Bibiheybət məscid-ziyarətgah kompleksi yenidən tikilərək 1998-ci ildə dindarların istifadəsinə verilib. Dini məbədlərin bərpası işləri sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən daha genişmiqyaslı şəkildə davam etdirilib. Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilib, habelə Heydər Məscidi kimi Cənubi Qafqazın ən böyük və müasir məscidi tikilib. 
   Bundan başqa, Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkənin müxtəlif regionlarında çoxsaylı məscid və ibadət evlərini bərpa edib. SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatıb. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur.
   Azərbaycanda dini bayramlar mütəmadi qaydada dövlət səviyyəsində qeyd olunur, dini ayinlərin icrasına hərtərəfli şərait yaradılır. Ölkəmiz həm də dünyada İslam mədəniyyətinin təbliği sahəsində tədbirlər həyata keçirir. Fransanın Luvr muzeyində İslam bölməsinin yaradılması, Vatikanda İslam mədəniyyətini təbliğ edən sərginin təşkili bu istiqamətdə önəmli addımlardır. 2017-ci il ölkə başçısının sərəncamı ilə “İslam həmrəyliyi ili” elan edilib. May ayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı yox, eyni zamanda, İslam dünyasının birlik, həmrəylik günləri olacaq.
   Prezidentin köməkçisi vurğulayıb ki, son illər respublikamızda genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir, bütün sosial-iqtisadi və mədəni infrastruktur müasirləşdirilir. Bakının Yasamal rayonunun “Sovetski” adlandırılan ərazisində aparılan yenidənqurma işləri paytaxtımızda həyata keçirilən quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. 
   Əli Həsənov Azərbaycan Prezidentinin məscidin söküntüsünün dayandırılması ilə bağlı tapşırıq verdiyini və mövcud vəziyyətin araşdırılması ilə əlaqədar müvafiq komissiyanın işə başladığını nəzərə alaraq insanları təmkinlə davranmağa çağırıb.