Böyük ədib Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyinin təmirə ehtiyacı var. Muzeydə saxlanılan və C.Məmmədquluzadənin Tiflisdəki fəaliyyətini əks etdirən sənədlər, fotomateriallar, əsərləri əsasında çəkilmiş bədii filmlərin afişaları, “Molla Nəsrəddin” jurnalının nüsxələrinin bir hissəsi yararsız vəziyyətə düşüb.
Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstandakı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov ədibin Tbilisinin Besik küçəsindəki ev-muzeyində olublar.
Səfir D.Həsənov deyib ki, ədibin ev-muzeyi 1997-ci ildə açılıb. “Qeyrət” mətbəəsi də vaxtilə bu evin zirzəmisində yerləşib. Səfirliyin əməkdaşları artıq binaya baxış keçiriblər. Burada saxlanılan kitabların, avadanlığın, foto və video, jurnal və digər yazılı materialların siyahısını hazırlayıb. Səfir bəzi kitabların, “Molla Nəsrəddin” jurnalının nüsxələrinin bir hissəsinin yararsız vəziyyətə düşməsini təəssüf hissi ilə qeyd edib. O, binanın təmir və yararsız vəziyyətə düşmüş materialların isə bərpa olunacağını vurğulayıb, bununla bağlı Azərbaycan və Gürcüstan hökumətlərinə, müvafiq strukturlara müraciət olunacağını bildirib.
Millət vəkili Əflatun Amaşov da mədəniyyət ocağının tez bir zamanda təmir olunması üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldıracağını deyib.