Tədbir yerli sakinlərlə bərabər turistlərin də marağına səbəb oldu
   
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının layihəsi ilə Bakı şəhərinin Nizami küçəsində, Fəvvarələr meydanı yaxınlığında təşkil edilən incəsənət məkanında növbəti tədbir keçirildi.
   Aprelin 16-da burada “Məkan və incə sənət” adlı plener təşkil olundu. 
   2016-cı ildən fəaliyyət göstərən incəsənət məkanında Bakı sakinlərinə, şəhərimizin qonaqlarına el sənətkarlarının, rəssamların, musiqiçilərin, folklor kollektivlərinin nümunəvi çıxışları və əl işləri nümayiş etdirilir.
   Budəfəki tədbir də həm yerli sakinlərin, həm də turistlərin diqqətini çəkdi. Plener də bu məqsədlə, yəni rəssamların yaradıcılığının yerli və xarici turistlərə təbliği, paytaxtın mədəni həyatına rəngarəngliyin gətirilməsi üçün təşkil edilmişdi.
   Açıq səma altında bir neçə saat davam edən plenerdə 10-dan çox rəssam iştirak edirdi. Onlar ətrafdakı mənzərələrin rəsmini çəkir, maraqlanan insanlara əl işləri, rəsm sənəti barədə bilgi verirdilər. Xatırladaq ki, plener boyakarlığı naturanı bilavasitə öyrənmək və onun real simasını tam əks etdirmək məqsədilə rəssamların emalatxanadan kənarda, açıq havada işləmələri ilə əlaqədar meydana gəlib.
   Tədbir Bakı şəhəri musiqi məktəblərindən cəlb edilən şagirdlərin iştirak etdiyi konsert proqramı ilə davam etdi.
   Qeyd edək ki, ötən müddətdə incəsənət məkanında paytaxt sakinləri və qonaqların maraqla qarşıladığı müxtəlif təqdimatlar, o cümlədən bölgələrdən gələn folklor kollektivlərinin konsert proqramları və el sənətkarlarının əl işlərindən ibarət sərgi-yarmarkalar təşkil olunub.
   
   F.Hüseynov