Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin aprelin 19-da keçirilən iclasında “Nizami Gəncəvi adına qızıl medal” müsabiqəsinin nəticələri elan edilib. Rəyasət heyətinin qərarına əsasən, elm və təhsil sahəsində həyata keçirilmiş mühüm beynəlxalq layihə olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsində müstəsna xidmətlərinə görə AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva, həmçinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfindən rəhbəri, professor Robert Hoyland “Nizami Gəncəvi adına qızıl medal”a layiq görülüblər.
Tədbirdə AMEA-nın görkəmli alimlərinin adlarını daşıyan mükafatların sahiblərinin də adları açıqlanıb. Fizika-riyaziyyat elmləri doktoru Kərim Allahverdiyev Nəsrəddin Tusi adına, akademik Məhərrəm Babayev Həsən bəy Zərdabi, professor Tofiq Bakıxanov akademik Üzeyir Hacıbəyli və AMEA-nın müxbir üzvü Zakir Qarayevin akademik Mirəsədulla Mirqasımov adına mükafatlarla təltif olunması haqqında qərar qəbul edilib.
Bundan başqa, akademik Vaqif Fərzəliyev akademik Yusuf Məmmədəliyev adına mükafata, akademik Vasif Babazadə akademik Musa Əliyev adına, tarix elmləri doktoru Əli Rəcəbli Abbasqulu ağa Bakıxanov adına mükafatlara layiq görülüb.