Məlum olduğu kimi, 4-6 may tarixində Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESCO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasser Abdulaziz Əl Nasir, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yousef Al Othaimeen və Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Forumda iştirak edəcəklər.
Budəfəki Forumda həm Azərbaycanın, həm də tərəfdaş qurumların təklifləri ilə bir sıra yeni beynəlxalq təşəbbüslərin əsasının qoyulması nəzərdə tutulur. Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü keçiriləcək. Forum çərçivəsində ümumilikdə 40-a yaxın sessiya və tədbir gerçəkləşəcək. Sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək.
Forum artıq 4-cü dəfədir ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur. Prezident İlham Əliyev 2011-ci il 27 may tarixdə Forumun iki ildə bir dəfə keçirilməsi və Mədəniyyət və Turizm Nazirliyinin tədbirin əlaqələndirici qurumu müəyyən edilməsi ilə bağlı fərman imzalayıb. Forumun internet portalı: www.bakuprocess.az