Aprelin 25-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının gənclərə müraciəti ilə bağlı mətbuat konfransı keçirildi.
Bildirildi ki, Ümumrusiya Kinematoqrafiya Universiteti ilə danışıqlar nəticəsində Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına cari ildə azərbaycanlı gənclərin bir neçə kino ixtisası üzrə bakalavr səviyyəsində təhsil almaq üçün Rusiyaya göndərilməsi planlaşdırılır. Azərbaycanlı tələbələr üçün kino və televiziya rejissoru ixtisası üzrə 2, kinooperator 2, animasiya və kompüter qrafikası rejissoru ixtisası üzrə 1 yer ayrılıb.
Nazirliyin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov diqqətə çatdırdı ki, mətbuat konfransının məqsədi KİV vasitəsilə ictimaiyyəti, o cümlədən kino sahəsi üzrə xaricdə təhsil almaq arzusunda olan gəncləri məlumatlandırmaqdır. Nazirlik, Kinematoqrafçılar İttifaqı və “Azərbaycanfilm” kinostudiyası bu məqsədlə gənclərə müraciət edir: “İnanırıq ki, təhsillə bağlı müraciətlər çox olacaq və komissiya ən istedadlıları seçəcək. Kino dilinin ildən-ilə təkmilləşməsi yeni adların kinoya gəlməsini şərtləndirir. Bu proses hər zaman baş verib. İndi də kino sahəsində Avropada və yaxın xaricdə təhsil alan gənclərimiz çoxdur”.
“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov bildirdi ki, kinonun hər zaman peşəkarlara ehtiyacı var. Bu sahədə yeni nəslin formalaşmasında təhsilli gənclərin də öz rolu var. Bu gün Azərbaycanda da təhsil alan gənclərimiz var ki, onların kinoya baxışları müasirdir və belə rejissorların işi sayəsində Azərbaycan kinosu dünyanın bir çox ölkələrində nümayiş olunur. Amma dünya təcrübəsini öyrənmək, təcrübə mübadiləsi nəticəsində gənclərimiz daha çox nailiyyət qazana bilərlər.
Mətbuat konfransında diqqətə çatdırıldı ki, daha hazırlıqlı namizədləri müəyyən edib onları Moskvaya qəbul imtahanlarına göndərmək üçün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və “Azərbaycanfilm” kinostudiyasının iştirakı ilə seçim komissiyası yaradılıb və namizədlər üçün məsləhət saatları təyin olunacaq. Abituriyentlər lazım olan sənədləri (özləri haqqında məlumat, foto, bioqrafik oçerk, bir həyat hadisəsinin qələmə alınması) qovluqda Kinematoqrafçılar İttifaqına və “Azərbaycanfilm” kinostudiyasına təqdim etməlidir. Layihə “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na əsasən həyata keçirilir. Müraciət edənlər arasında istedadlı gənclər çox olarsa, qəbul sayı artırıla da bilər. Gələcəkdə digər ixtisaslar üzrə də gənclərin xarici ölkələrə təhsil almağa göndərilməsi planlaşdırılır.
Mətbuat konfransında kino sahəsində kadr problemlərinə də toxunuldu, Mədəniyyət və Turizm Nazirliyi və “Azərbaycanfilm” kinostudiyası tərəfindən son illərdə gənclərin xaricə kurslara göndərildiyi diqqətə çatdırıldı.
Qeyd edək ki, Rusiyada kino təhsili ilə maraqlanan gənclər www.arki.az və www.azerbaijanfilm.az saytlarından ətraflı məlumat ala bilərlər.
Lalə