2017-2020-ci illər üçün Tədbirlər Planının icrası ilə bağlı görüş keçirilib
   
   Xəbər verdiyimiz kimi, ölkə başçısının 2017-ci il 30 mart tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planının icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyində nazir Əbülfəs Qarayevin sədrliyi və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
   Tədbirdə Ekologiya və Təbii Sərvətlər, Ədliyyə, Səhiyyə, Fövqəladə Hallar nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti, Əmlak Məsələləri, Dövlət Şəhərsalma və Arxitektura, Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitələri, “Azərsu”, “Azərenerji”, “Azəravtoyol” ASC-lərin nümayəndələri iştirak ediblər.
   Görüşdə Əbülfəs Qarayev çıxış edərək son illər ölkəmizdə turizmin inkişafı üçün atılan addımlardan danışıb. Bildirib ki, digər turizm növləri kimi, çimərlik turizminin inkişafı üçün də Azərbaycanın böyük potensialı var. 
   Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən Tədbirlər Planında çimərliklərə dair hüquqi bazanın təkmilləşdirilməsi, çimərliklərdə infrastrukturun yaradılması və təkmilləşdirilməsi, çimərlik operatorlarının fəaliyyətinin tənzimlənməsi, təhlükəsizlik, ətraf mühitin mühafizə tədbirləri, çimərliklərə dair informasiya bazasının yaradılması və çimərlik turizminin təşviqi ilə bağlı görüləcək işlər öz əksini tapıb. Nazir ölkəmizdə mövcud olan çimərliklərin indiki vəziyyətindən söz açaraq bəzi çimərliklərin standartlara cavab vermədiyini, aşağı səviyyədə xidmət göstərdiyini, eyni zamanda təhlükəsizlik tədbirlərinə yetərincə əməl olunmadığını vurğulayıb. Qanunsuz fəaliyyət göstərən çimərliklərin aqibətinin müəyyən olunması məqsədilə bu sahədə müvafiq qaydaların təsdiq olunmasının vacibliyi qeyd edilib.
   Əbülfəs Qarayev bildirib ki, həmçinin çimərlik turizmi ilə bağlı müvafiq standart hazırlanıb və təsdiq olunması üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunub. Tədbirlər Planının icrası çərçivəsində cari ildə çimərlik mövsümünün açılışına qədər Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılması planlaşdırılır. Eyni zamanda vahid çimərlik mövsümünün müəyyən olunmasının zəruriliyi vurğulanıb.
   Görüşdə çimərlik turizminin inkişaf etdirilməsi üçün mövcud vəziyyətin yaxşılaşdırılması, eləcə də Tədbirlər Planının icrası məqsədilə bu sahədə aidiyyəti qurumlar arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
   
   Fariz