“Erməni məsələsi” və türk-müsəlman soyqırımı” kitabının təqdimatı keçirildi 
   
   Aprelin 24-də “Azərkitab” mərkəzində araşdırmaçı-yazar Xaqani İsmayılın “Erməni məsələsi” və türk-müsəlman soyqırımı” kitabının rus və ingilis dillərində nəşrlərinin təqdimatı keçirildi. 
   Tədbiri giriş sözü ilə Bakı Dövlət Universitetinin (BDU) professoru, filologiya elmləri doktoru Ramiz Əsgər açaraq kitabın əhəmiyyətindən danışdı. Bildirdi ki, kitabda I Dünya müharibəsi (1914-1918) dövründə Qafqaz, Güney Azərbaycan, Anadolu və Orta Asiya türklərinin soyqırımı arxiv materialları və sənədli qaynaqlar əsasında işıqlandırılır. Kitaba bəzi erməni tarixçilərinin “erməni soyqırımı”nın olmadığını və tarixi saxtalaşdırdıqlarını etiraf etməsi kimi faktlar yer alıb.
   BDU-nun professoru İradə Hüseynova araşdırmada fərqli və diqqətçəkən məqamların olduğunu bildirdi. Qeyd etdi ki, müəllif kitabda erməni, gürcü, rus və digər mənbələrə müraciət edib: “Məlumdur ki, XIX əsrdə ruslar Şərqdə xristian amili yaratmaq istəyiblər. Bu məqsədlə də Qafqazda ermənilərə maddi və hərbi dəstək olublar. Bir çox ölkələrdən erməniləri qədim Azərbaycan ərazilərinə yerləşdirirlər. Bunlara rəğmən bədnam ermənilər havadarlarının dəstəyi ilə xalqımıza qarşı dəfələrlə soyqırımı həyata keçiriblər”.
   Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Mais Əmrahov vurğuladı ki, ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı və deportasiyadan nə qədər yazılsa, yenə də azdır. Kitabın ingilis və rus dillərində nəşr edilməsi tarixi həqiqətlərin dünyaya yayılmasına dəyərli töhfədir.
   AMEA Fəlsəfə İnstitutunun elmi işçisi Yasəmən Qaraqoyunlu, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Telman Əliyev, Latviya Respublikasının Azərbaycandakı səfiri Yuris Maklakovs, Ukraynanın Bakıdakı səfirliyinin nümayəndəsi Valentina Volkova, Qarabağ Ağsaqqallar Şurasının sədri Asif Məmmədov və başqaları çıxış edərək kitabın əhəmiyyətindən danışdılar, müəllifi təbrik etdilər. 
   Sonda Xaqani İsmayıl çıxış edərək tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.
   Qeyd edək ki, Xaqani İsmayılın “Erməni məsələsi” və türk-müsəlman soyqırımı” kitabı Azərbaycan dilində 2012-ci ildə işıq üzü görüb. 
   
   Savalan Fərəcov