Azərbaycan
26 aprel 1908 - Görkəmli yazıçı, ədəbiyyatşünas, professor Mir Cəlal Əli oğlu Paşayev (1908 - 28.9.1978) Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olub. Kiçik yaşlarında ailəsi ilə Gəncəyə köçüb. Gəncə Müəllimlər İnstitutunu, Kazan Şərq Pedaqoji İnstitutunu bitirib, BDU-nun professoru olub. “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yaşıdlarım” romanlarının, povest və hekayələrin, “Azərbaycanda ədəbi məktəblər" monoqrafiyasının müəllifidir.
26 aprel 1947 - Kinorejissor Gülbəniz Yusif qızı Əzimzadə (1947 - 7.12.2006) Bakıda anadan olub. Filmləri: "Nəğmə dərsi", "Dantenin yubileyi", "Ötən ilin son gecəsi", "İmtahan", "Qətl günü" və s.
27 aprel 1940 - Folklorşünas alim, professor Bəhlul Ağabala oğlu Abdulla (1940-2011) Lerik rayonunun Lələhiran kəndində anadan olub.
27 aprel 1951 - Kamança ifaçısı, Əməkdar artist Ədalət Səfərəli oğlu Vəzirov (1951 - 5.10.2002) anadan olub.
27 aprel 2007 - Məşhur violonçel ifaçısı, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (27.3.1927, Bakı - 2007) Moskvada vəfat edib. Bir çox ölkələrin mükafatlarına, Azərbaycanın ən ali təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülüb.
28 aprel 1916 - Teatr rəssamı, Əməkdar incəsənət xadimi Əsgər Məmmədismayıl oğlu Abbasov (1916 - 9.2.1970) anadan olub.
28 aprel 1917 - Xalq artisti Məhluqə Sadıqova (1917 - 15.8.2003) anadan olub. 50 ilə yaxın Akademik Milli Dram Teatrında çalışıb, uzun illər radioda “Bulaq” verilişinin əvəzsiz aparıcısı olub. “Yenilməz batalyon”, “Yeddi oğul istərəm”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.
28 aprel 1920 - Bəstəkar, dirijor və pedaqoq Məmməd Qəzənfər oğlu Məmmədov (1920 - 28.1.1987) anadan olub.
28 aprel 1920 - Tarzən, Xalq artisti Hacı Məmmədov (1920 - 2.8.1981) Şamaxıda doğulub. 40 ildən çox Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Eyni zamanda tanınmış həkim-cərrah olub.
28 aprel 1921 - Filologiya elmləri doktoru, professor Məmməd Tağı oğlu Tağıyev (1921 - 28.9.1994) Samux rayonunda doğulub. “Azərbaycanca-rusca lüğət”in (4 cild) redaktoru, “Rusca-azərbaycanca frazeoloji lüğət”in tərtibçisidir.
28 aprel 1929 - Dilçi alim, türkoloq, AMEA-nın müxbir üzvü Zərifə İsmayıl qızı Budaqova (1929-1989) İrəvanda anadan olub.
Dünya
26 aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür (World İntellectual Property Day). 2000-ci ildə Dünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə təsis edilib.
26 aprel 1798 - Fransız rəssamı Ejen Delakrua (Ferdinand Victor Eugene Delacroix; 1798-1863) anadan olub. Fransa inqilabından (1830) bəhs edən “Barrikadada azadlıq” rəsminin, “Xiosda qətliam” və s. tarixi tabloların müəllifidir.
26 aprel 1886 - Tatar ədəbiyyatının klassiki, şair və yazıçı Qabdulla (Abdulla) Tukay (1886 - 15.4.1913) anadan olub.
27 aprel 1878 - Tacik milli ədəbiyyatının banisi, yazıçı və şair Sədrəddin Ayni (Səid-Muradzadə, 1878-1954) anadan olub. Özbək dilində də yazıb. Əsərləri: “Odina”, “Dohunda”, “Qullar”.
27 aprel 1927 - Tanınmış rus aktyoru Yevgeni Morqunov (1927 - 25.6.1999) anadan olub. “I” əməliyyatı və Şurikin başqa macəraları”, “Qafqaz əsiri” və s. filmlərdə çəkilib.
28 aprel 1848 - Danimarka bəstəkarı Lüdviq Şitte (Ludvig Schytte, 1848-1909) anadan olub. “Gero”, “Məmlük” operalarının müəllifidir.
28 aprel 1902 - Rus yazıçısı Valentina Oseyeva (1902-1969) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.
28 aprel 1902 - Norveç yazıçısı Yohan Borgen (Johan Borgen, 1902-1979) anadan olub. Romanları: “Yay yoxdur və olmayacaq”, “Məhəbbət cığırı”, “Mən” və s.
28 aprel 1924 - Litva aktyoru, SSRİ Xalq artisti Donatas Banionis (1924 - 4.9.2014) anadan olub. Filmləri: “Heç kim ölmək istəmirdi”, “Mister Mak-Kinlinin qaçışı” və s.
Hazırladı: Vüqar Orxan