TÜRKSOY təşkilatının ənənəvi layihələrindən olan “Fotoqraflar görüşü" 14-cü dəfə Qazaxıstanda - "Türkistan 2017: Türk dünyasının mədəniyyət paytaxtı" tədbirləri çərçivəsində baş tutub. Aprelin 16-dan 21-dək davam edən tədbirə 8 ölkədən 15 foto ustası dəvət olunub.
Tədbir başa çatdıqdan sonra, aprelin 21-də Qazaxıstanın Çimkənt şəhərində fotoqrafların çəkdikləri şəkillərdən ibarət sərgi açılıb. “Türk dünyası fotoqraflarının gözü ilə” adlı ənənəvi sərginin fotoalbomu da hazırlanacaq.
Sərgidə 6 əsəri nümayiş etdirilən türkiyəli rəssam-fotoqraf Aykurt Fırat bildirib ki, Qazaxıstana ilk dəfə səfər edib: “Aprelin 16-dan Cənubi Qazaxıstanda olduq və bölgəni gəzib fotoaparatın yaddaşına köçürdük. Mənimlə birlikdə çalışan bütün fotoqrafların səviyyəsini yüksək qiymətləndirirəm”.
Həftə ərzində fotoqraflar arasında qruplara görə region və şəhərlər üzrə yarışma da keçirilib. Qalib gələnlərə hədiyyə və sertifikatlar verilib. Tədbirin gedişində həmçinin türk dünyasının peşəkar fotoqrafları arasında təcrübə mübadiləsi də baş tutub.
Qeyd edək ki, "TÜRKSOY fotoqraflar görüşü" 2004-cü ildən etibarən keçirilir.