Aprelin 26-da Riqada Latviyanın mədəniyyət naziri Datse Melbarde Azərbaycanın bu ölkədəki səfiri Cavanşir Axundovu qəbul edib. Görüşdə səfir Latviyanın yüksək səviyyəli nümayəndə heyətlərinin bu yaxınlarda Azərbaycana səfərləri barədə məlumat verib. Bildirib ki, səfirlik Latviyada Azərbaycanın mədəni irsinin və turizm potensialının təqdimatı üzrə tədbirlər keçirməyi planlaşdırır.
Səfir Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il keçirilən Qəbələ Beynəlxalq musiqi festivalı barədə məlumat verib, ölkəmizdə təşkil edilən mədəni tədbirlərdə Latviya kollektivlərinin daha geniş təmsil olunması arzusunu bildirib.
D.Melbarde mədəni mübadilənin fəallaşmasının, Latviya ilə Azərbaycan arasında turizm əlaqələrinin genişlənməsinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, ölkələrimizdə keçirilən festivallarda və digər tədbirlərdə bədii kollektivlərin iştirakı mədəni əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək.
Nazir Azərbaycan tərəfini 2018-ci ildə Latviyanın 100 illiyinin bayram edilməsi çərçivəsində keçiriləcək “Baltika“ festivalına dəvət edib.