Aprelin 27-də TÜRKSOY-un Ankaradakı qərargahında yazıçı Hayrettin İvginin “Manas - Altay dağlarının aslanı” əsərinin təqdimat mərasimi keçirildi. 
   Qırğızıstanın Ankaradakı səfirliyi ilə birgə təşkil olunan tədbirdə əvvəlcə TÜRKSOY-un fəaliyyətindən bəhs edən film nümayiş etdirildi. Sonra “Manas” dastanı haqqında qısa məlumat verildi və əsərdən bir parça səsləndirildi. 
   TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək bildirdi ki, “Manas” dastanı türk dünyasının söz abidəsidir: “Türk dünyasındakı əlaqələr gündən-günə yaxşılaşır və biz buna şahid oluruq. “Manas - Altay dağlarının aslanı” kitabı da ortaq mədəniyyətimizin inkişafına töhfədir. Bu kitabla dastan romanlaşdı”.
   Qırğızıstanın Türkiyədəki səfiri İbrahim Cunusov qeyd etdi ki, “Manas” dastanı qırğız ruhunun yüksək zirvəsi olaraq tanınır: “Qədim qırğızları tanımaq istəyən “Manas”ı, müasir qırğızı tanımaq istəyən isə Çingiz Aytmatovu oxusun”. 
   Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin keçmiş əməkdaşı, araşdırmaçı-yazar Nail Tan bildirdi ki, türk folkloru dastanlarla çox zəngindir: “Qırğız, qazax dastanları araşdırıldı, sayı artırıldı. İstərdik ki, Türkmənistan da bu sıraya qoşulsun. Bu əsər Türkiyədə roman yazanları, rejissorları hərəkətə gətirəcək”.
   Çıxış edən digər tədqiqatçılar da “Manas”ı bənzəri olmayan əsər adlandırdılar, eyni zamanda onun yalnız qırğızlara deyil, bütün türk dünyasına məxsus olduğunu vurğuladılar. 
   Tədbirin sonunda iştirakçılara plaketlər verildi. 
   
   Mehparə Sultanova
   Ankara