Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü aprelin 27-də Lənkəranda gerçəkləşdi.
   Tədbirdən öncə nazir Lənkəran şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etdi.
   Sonra şəhər Mədəniyyət mərkəzində Lənkəran şəhəri, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonları sakinlərinin qəbulu keçirildi. Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxıldı.
   Budəfəki görüşdə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı idi.
   Lənkərandan qəbula yazılan vətəndaşlar respublika üzrə qeydə alınmış tarix və mədəniyyət abidələri haqqında geniş məlumatları əks etdirən internet portalının yaradılması, şəhərdəki Uşaq rəssamlıq məktəbinin 35 illik yubileyinin keçirilməsi, mədəniyyət işçilərinin əməyinin qiymətləndirilməsi barədə xahişlərini diqqətə çatdırdılar.
   Astara rayonundan qəbula gələnlərin müraciətləri kitabxana mütəxəssislərinin onlayn attestasiyasının təşkili, region üzrə "Ən fəal kitabxana" müsabiqəsinin keçirilməsi, ölkə daxili turistlərin statistikasını əks etdirən vahid elektron mərkəzin yaradılması və digər məsələlər barədə idi.
   Lerik sakinləri rayonda ikinci “Uzunömürlülər festivalı”nın təşkili, Kələxan kəndində yerləşən qədim qalanın mühafizə olunan abidələr siyahısına daxil edilməsi, rayondakı Heydər Əliyev Mərkəzinin kitab fondunun artırılması kimi məsələlərlə bağlı nazirə müraciət etdilər.
   Masallı rayonundan qəbula gələn vətəndaşlar tərəfindən rayonun mədəniyyət kollektivlərinin xarici ölkələrdə keçirilən folklor festivalında iştirakına köməklik göstərilməsi, bölgələr arasında "Regionlar günləri"nin keçirilməsi xahiş olundu.
   Cəlilabad rayonundan qəbula yazılanlar Heydər Əliyev Mərkəzindəki kino salonunda dövlət sifarişi ilə çəkilən filmlərin nümayişinin təşkili, rayon Mərkəzi kitabxanasının gözdən əlillər üçün kitablarla təchiz edilməsi və digər məsələlər barədə müraciətlərini diqqətə çatdırdılar.
   Yardımlıdan gələn vətəndaşların müraciətlərində isə nazirliyin “Xalq yaradıcılığı paytaxtları proqramı”nın davam etdirilməsi, nazirlik tərəfindən nəşr olunan kitabların elektron versiyasının kitabxanalara verilməsi, uşaq musiqi və incəsənət məktəbləri müəllimlərinin diaqnostik qiymətləndirilməsinin təşkilinə köməklik göstərilməsindən bəhs olunurdu.
   Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapdı, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürüldü və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verildi. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alındı.
   
   Fariz