Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti aprelin 23-də Belarus Respublikasına səfər edib. Nümayəndə heyətinə nazirliyin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Qulamov, Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev və bir sıra regional mədəniyyət və turizm idarələrinin rəisləri daxildir.
Səfərin məqsədi 2017-ci ildən fəaliyyətə başlayan regional mədəniyyət və turizm idarələrinin tabeliyindəki mədəniyyət müəssisələrinin şəbəkəsində aparılacaq islahatlar, mədəniyyət sahəsində şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması, mədəniyyətin idarə olunmasında ən müvəffəqiyyətli üsulların tətbiq edilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsidir.
Səfər zamanı nümayəndə heyəti Belarusun regionlarında yerləşən muzey, kitabxana, klub, rəsm qalereyası, musiqi, incəsənət məktəblərinin fəaliyyəti ilə tanış olub, onların rəhbərləri ilə işçi görüşlər keçiriblər. Səfər aprelin 30-da başa çatacaq.