Aprelin 26-da Oğuz rayonunda “Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi “Sosial şəbəkələrdən faydalanmağın təbliği ilə vətəndaş cəmiyyəti quruculuğuna dəstək” layihəsi çərçivəsində ilk dəyirmi masa keçirilib.
Toplantını rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sərdar Nəbiyev açaraq bildirib ki, sosial şəbəkələrdən aktiv istifadə vətəndaşların ictimai həyatda fəal iştirakı üçün vacib məqamdır, həyata keçirilən layihə də bu xüsusda maarifləndirmə işinə xidmət edir.
“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri, layihənin rəhbəri Əvəz Rüstəmov çıxışında təşəbbüsün məqsəd və vəzifələri barədə məlumat verib. Bildirib ki, Azərbaycanın müxtəlif bölgələrində yaşayan əhali qrupları içərisində sosial şəbəkələrdən düzgün istifadəni təbliğ etmək, sosial şəbəkələrdə zərərli tendensiyalar barədə məlumatlandırma işləri aparmaq layihənin əsas məqsədini təşkil edir. Diqqətə çatdırılıb ki, sosial şəbəkələrdən istifadə edən vətəndaşlarımızın sayı 1 milyondan artıqdır. Media da əsasən sosial şəbəkə üzərindən yayımlanmaqla özünə auditoriya toplayır.
Layihənin eksperti, “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə bildirib ki, Azərbaycanda internetin inkişafı ilə bağlı çox işlər görülüb. Lakin bu məkan hüquqi münasibətlər sistemində hələ tam oturuşmayıb. Cəmiyyət üzvləri istər sosial şəbəkələrdən istifadə zamanı vacib olan etik davranış qaydaları, istər bu müstəvidəki inzibati məsuliyyət növləri, istərsə də məqsədli şəkildə həyata keçirilən anti-milli fəaliyyətin müxtəlif tərəfləri ilə əlaqədar məlumatlandırılmalıdır.
Dəyirmi masa fikir mübadiləsi ilə davam edib, səslənən təkliflər qeydə alınıb.