Artıq 12 ildir ki, Heydər Əliyev Sarayının qapıları “İnayət” Əlillərə Yardım Assosiasiyasının üzvlərinə təkcə bayram günlərində deyil, digər yubileylərdə, tədbirlərdə, konsert proqramlarında da təmənnasız açıq olur. Bu, bir mənəvi yardım, savab əməl olmaqla yanaşı, fiziki və zehni qüsurlu insanların da ictimai həyata inteqrasiyasına xidmət edir.
“İnayət” Əlillərə Yardım Assosiasiyasından redaksiyamıza daxil olan məktubda bildirilir ki, mədəni-kütləvi tədbirlərə dəvəti təşkilat üzvləri həmişə böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayırlar: “Buna görə mədəniyyət müəssisəsinin rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk. Hər görülən xeyirxah iş, deyilən xoş söz bizə dəstəkdir. Ümidvarıq ki, Heydər Əliyev Sarayının kollektivi bundan sonra da bu xeyirxah missiyasını davam etdirərək, bizləri yada salacaq, asudə vaxtlarımızın səmərəli keçirilməsindən ötrü köməyini əsirgəməyəcək”.