Aprelin 28-dən mayın 4-dək Nizami Kino Mərkəzində “British Council” təşkilatı və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin iştirakı ilə III Britaniya bahar film festivalı keçiriləcək. Festivalda qadın rejissorlar tərəfindən və qadınlar haqqında çəkilmiş altı film nümayiş olunacaq. Festivalın ilk açılış günündə rejissor Reyçel Tunnardın bir neçə beynəlxalq mükafata layiq görülmüş "Yetkinlik həyatının bacarıqları" (“Adult Life Skills”) filmi təqdim ediləcək. Film Azərbaycan dilində subtitrlərlə nümayiş olunacaq. Növbəti günlərdə tamaşaçılar Nizami Kino Mərkəzində "Mən, Deniel Bleyk" (I, Daniel Blake), "Yan, Yan, Yan" (Burn, Burn, Burn), "Daşqın" (The Levelling), "Möhtəşəm həyat” (This Beautiful Fantastic) və "Etel və Ernest" (Ethel and Ernest) filmlərini izləyə biləcəklər.
“British Council” təşkilatının Azərbaycandakı nümayəndəsi Elizabet Uayt ümidvar olduğunu bildirib ki, Bakı tamaşaçıları bu möhtəşəm filmləri izləmək fürsətini qaçırmayacaqlar.
Lalə