Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, Əməkdar artist Ələkbər Əliyev teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə və 60 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fəxri fərmanla təltif edilib.
Teatrdan verilən məlumata görə, Ələkbər Həsən oğlu Əliyev 15 aprel 1957-ci ildə anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyoru fakültəsini bitirib, təyinatla Azərbaycan Dövlət Musiqili Teatrına (o vaxtkı Musiqili Komediya Teatrı) gəlib. Gözəl səs tembrinə, yüksək səhnə mədəniyyətinə malik olan aktyor ilk addımlarından teatr ictimaiyyətinin diqqətini cəlb edib. “O olmasın, bu olsun”da Rüstəm bəy, “Arşın mal alan”da Vəli, “Ər və arvad”da Kəblə Qubad, “Bankir adaxlı”da Nümayəndə, “Xanuma”da Knyaz Pantiaşvili, “Mən dəyərəm min cavana” tamaşasında Rüstəm və s. obrazları orijinallığı, dəqiq ifa tərzi ilə tamaşaçıların rəğbətini qazanıb.
Ələkbər Əliyev 2013-cü ildə Əməkdar artist fəxri adına layiq görülüb. Prezident mükafatçısıdır.