“İslam həmrəyliyi ili”nə həsr olunmuş layihələr
   
   Bakı Xoreoqrafiya Akademiyası (BXA) “İslam həmrəyliyi ili”nə həsr olunmuş layihələrə start verib. Layihələrdən biri - "Səmayi-şəms" rəqs tamaşası mayın 24-də Azərbaycan Dövlət Musiqili Teatrında təqdim olunacaq.
   Akademiyanın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, proqramda bir sıra müsəlman ölkələrinə məxsus milli rəqslərdən ibarət kompozisiya nümayiş olunacaq. Layihənin ideya müəllifi və bədii rəhbəri Xalq artisti Təranə Muradova, rejissoru Cavid İmamverdiyev, quruluşçu xoreoqraflar akademiyanın Milli rəqs kafedrasının baş müəllimi, Xalq artisti Yusif Qasımov, kafedranın müdiri, Əməkdar artist Sənan Hüseynli, müəllimlər - Əməkdar artist Səbinə Qasımova, Kamilə Əliyeva, klassik rəqs kafedrasının baş müəllimi Pullumb Aqalıyaydır.
   Tamaşanın bir sıra rəqslərini qurmaq üçün BXA-nın rəhbərliyi tanınmış qazaxıstanlı xoreoqraf Arman Nurmaxamatulını və onun assistenti, “Astana Balet”in solisti Aycan Junusovanı dəvət edib.
   Layihəyə hazırlıq dövründə qonaqlar məşqlərlə yanaşı, akademiyanın tələbələri üçün klassik, müasir və xalq səhnə rəqsləri üzrə ustad dərsləri keçiblər.
   BXA-nın “İslam həmrəyliyi ili”nə həsr olunmuş digər yaradıcılıq layihəsi isə təhsil müəssisəsinin şagird və tələbələrinin iştirakı ilə xalq artistləri Rəfiqə Axundovanın və Maqsud Məmmədovun quruluşunda Qara Qarayevin “Yeddi gözəl” baletinin səhnələşdirilməsidir.
   Tamaşanın bədii rəhbəri Xalq artisti Kamilla Hüseynovadır. Balet tamaşası mayın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş olunacaq.
   
   Beynəlxalq festivaldan qalibiyyətlə
   
   Bakı Xoreoqrafiya Akademiyasının baş müəllimi, Xalq artisti Yusif Qasımovun bədii rəhbəri olduğu “Bakının ulduzları” rəqs ansamblı aprelin 25-dən 30-dək Rusiyanın Yekaterinburq şəhərində keçirilmiş gənclərin XVI “Yer kürəsi ümumi evimizdir” Beynəlxalq musiqi yaradıcılığı festivalının qalibi olub.
   Qazaxıstan, Qırğızıstan, Belarus, Gürcüstan, Özbəkistan, Bolqarıstan, Rumıniya, Hindistan və digər ölkələrdən gənc ifaçıların qatıldığı beynəlxalq festivalın münsiflər heyətinə məşhur balerina, Rusiyanın Xalq artisti İlze Liepa rəhbərlik edib.
   Səfər çərçivəsində “Bakının ulduzları” ansamblı yerli televiziya kanallarının qonağı olub, tamaşaçılara “Ağ çiçəyim” rəqsini təqdim edib. Yusif Qasımov Azərbaycanın milli rəqsləri və Bakı Xoreoqrafiya Akademiyasında milli rəqslərimizin tədrisi barədə rusiyalı tamaşaçıları məlumatlandırıb.