Azərbaycan
   
   6 may 1947 - Filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlu (Cəlilov) Qərbi Azərbaycanın Vedibasar mahalında doğulub. Türkologiyaya, türk dillərinin morfonologiyasına dair tədqiqatların müəllifidir. Ali Sovetin deputatı, respublikanın təhsil naziri olub.
   
   7 may 1926 - Tanınmış rəssam Cəbrayıl Əlimuxtar oğlu Əzimov (1926 - 10.7.1969) anadan olub. 1953-cü ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb, “Görüş”, “O olmasın, bu olsun” (Nadir Zeynalovla birgə), “Leyli və Məcnun” , “Qızmar günəş altında”, “Qanun naminə”, “İnsan məskən salır” və s. filmlərin quruluşçu rəssamı olub.
   7 may 1998 - Kinorejissor, operator, Xalq artisti Muxtar Dadaşov (11.9.1913 - 1998) vəfat edib. «Qanun naminə», «Bakıda küləklər əsir» və s. filmlərə quruluş verib. “Yeni horizont”, “Arşın mal alan” (1945, Əlisəttar Atakişiyevlə birgə) filmlərinin operatorudur. 
   
   8 may 1910 - Görkəmli ədəbiyyatşünas alim, professor, şair Cəfər Xəndan (Cəfər Zeynal oğlu Hacıyev; 1910 - 10.8.1961) İrəvan şəhərində anadan olub.
   8 may 1919 - Bəstəkar və pedaqoq, SSRİ Xalq artisti Soltan İsmayıl oğlu Hacıbəyov (1919 - 19.9.1974) Şuşada doğulub. "Gülşən" baleti, "Karvan" simfonik lövhəsi, "Qızılgül" musiqili komediyası, uşaqlar üçün "İsgəndər və çoban" operası və digər musiqi əsərlərinin müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) rektoru olub. 
   8 may 1930 - Ədəbiyyatşünas alim, professor Qara Mustafa oğlu Namazov (1930-11.05.2016) Ermənistan SSR İcevan rayonunun Əmirxeyir kəndində doğulub. Aşıq şeirinin tarixinə dair tədqiqat əsərlərinin, 30-dək kitabın müəllifidir.
   8 may 1957 - Bəstəkar, Əməkdar incəsənət xadimi, professor Cəlal Əşrəf oğlu Abbasov Bakıda anadan olub. Simfoniya, kantata, “Şən bahar” uşaq operası, vokal silsilələri və s. əsərlərin müəllifidir. Azərbaycan Bəstəkarlar İttifaqının katibidir.
   8 may 1992 - Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Şuşa şəhərini işğal ediblər. İşğal Azərbaycan mədəniyyətinə də ağır zərbə vurub. Şəhərdəki muzey, kitabxana, klub və mədəniyyət evləri talan edilib.
   
   9 may 1909 - Ədəbiyyatşünas alim, akademik Məmməd Cəfər (Məmməd Zeynalabdin oğlu Cəfərov, 1909 - 11.5.1992) Naxçıvanda anadan olub. Ədəbiyyat tarixi və nəzəriyyəsinə dair əsərlərin, dərsliklərin müəllifidir. 
   9 may 1917 - Xalq artisti, tarzən Əliağa Eyvaz oğlu Quliyev (1917 - 11.1.1998) anadan olub.
   9 may 1928 - Xalq artisti, violonçel ifaçısı Sabir Hüseynəli oğlu Əliyev (1928 -26.10.1983) anadan olub.
    
   Dünya
   
   6 may 1856 - Dünya ədəbiyyatı və mədəniyyətində iz qoymuş psixoanaliz nəzəriyyəsinin banisi, Avstriya alimi Ziqmund Freyd (Sigmund Freud; 1856-1939) anadan olub. Əsərləri: “Yuxuların yozulması”, “Totem və tabu”, “Bir illüziyanın gələcəyi” və s.
   6 may 1868 - Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1924) Vladislav Reymont (1868-1925) anadan olub. “Kişilər” romanı, “1794” tarixi trilogiyası və s. əsərlərin müəllifidir.
   6 may 1904 - İsveç yazıçısı və şairi, Nobel mükafatı laureatı (1974) Harri Edmund Martinson (1904-1978) anadan olub.
   6 may 1922 - SSRİ Xalq artisti Vladimir Abramoviç Etuş anadan olub. «Qafqaz əsiri», “İvan Vasilyeviç peşəsini dəyişir” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Y.Vaxtanqov adına Akademik Dram Teatrında çalışıb. Uzun illər B.Şukin adına Teatr Məktəbində dərs deyib, tədris ocağına rəhbərlik edib.
   
   7 may 1840 - Görkəmli rus bəstəkarı və dirijoru Pyotr İliç Çaykovski (1840 - 1893) anadan olub. 10 operanın (“Yevgeni Onegin”, “Mazepa”, “Orleanlı qız”, “Qaratoxmaq qadın”, “Undina” və s.), 3 baletin (“Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”), 7 simfoniyanın müəllifidir.
   7 may 1833 - Alman bəstəkarı, pianoçu və dirijor Johannes Brahms (1833-1897) anadan olub. Əsərləri: “Alman rekviyemi”, “Macar rəqsləri” və s.
   7 may 1861 - Hind şairi, yazıçı, filosof, bəstəkar, ədəbiyyat üzrə Nobel mükafatı (1913) laureatı Rabindranat Taqor (Rabindranath Tagore, 1861 - 7.8.1941) Kəlküttədə doğulub. Əsərləri: “Fəlakət”, “Ev və dünya”, “Vida mahnısı” romanları, “Poçt”, “Qırmızı oleandrlar” pyesləri və s.
   7 may 1901 - Amerika aktyoru Qari Kuper (Gary Cooper - Frank James Cooper, 1901-1961) anadan olub. “Serjant York”, “Düz günorta” filmlərinə görə “Oskar” mükafatı alıb.
   7 may 1953 - Tanınmış Türkiyə müğənnisi, bəstəkar Müslüm Gursəs (1953 - 3.3.2013) Şanlıurfada doğulub.
   
   8 may 1903 - Fransız komediya aktyoru Fernandel (əsl adı Fernand Joseph Desire Contandin, 1903-1971) anadan olub. Filmləri: “Balda qeyd kitabçası”, “Mademauzel Nituş”, “80 gün dünya ətrafında” və s.
   8 may 1906 - İtaliya kinorejissoru, neorealizmin təmsilçisi Roberto Rosselini (1906-1977) anadan olub. Filmləri: “Roma, açıq şəhər”, “Almaniya, sıfırıncı il” və s.
   
   9 may 1883 - İspan yazıçısı və filosofu Xose Orteqa-i-Qasset (1883-1955) anadan olub. Əsərləri: “Kütlələrin üsyanı”, “İncəsənətin humanistsizləşdirilməsi” və s.
   9 may 1924 - Gürcü şairi, nasir, ssenarist Bulat Okucava (1924-1997) Moskvada doğulub. Əsərlərini rusca yazıb. Populyar müəllif mahnıları və sözlərinə yazılmış mahnılar filmlərdə (“Belarus vağzalı”, “Səhranın bəyaz günəşi” və s.) səslənir. 
   
   Hazırladı: Vüqar Orxan