Bu gün dünyamız çoxsaylı problemlərlə və böhranlarla üzləşib. Belə bir zamanda mədəniyyətlərarası və dinlərarası dialoq, qarşılıqlı anlaşma vacibdir. Bu baxımdan Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu çox böyük əhəmiyyətə malikdir.
Bu sözləri UNESCO-nun dini plüralizm və sülh məsələləri üzrə rəsmisi Alberto Melloni deyib. O bildirib ki, cəmiyyət həyatını bürümüş bugünkü problemlərin həlli bəşəriyyətin gələcəyi üçün önəmlidir. Buna görə də Bakı prosesi təşəbbüsü xüsusi önəm kəsb edir.
UNESCO rəsmisi Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin təqdirəlayiq olduğunu bildirib. O deyib: Forumda iştirak edən görkəmli şəxslər, habelə burada təmsil olunan beynəlxalq təşkilatlar tədbirin dünya miqyasında nüfuzunu bir daha təsdiqləyir. Ümumiyyətlə, bu Forum beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır.