Bakıda keçirilən IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ərəb mədəniyyəti üçün UNESCO-Şarjah mükafatının təqdimat mərasimi keçirilib.
   UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada əl-Naşif bildirib ki, 1998-ci ildə təsis olunan mükafat hər il ərəb mədəniyyətinin və incəsənətinin inkişafında xidmətləri olan iki şəxsə verilir. 
   UNESCO-Şarjah mükafatının laureatı rəssam El Seed Faouzi öz əsərlərində ərəb dünyasına xüsusi yer verdiyini bildirib. Fransada böyüməsinə baxmayaraq, ərəb mədəniyyətinə vurğun olduğunu deyən rəssam əsərləri ilə İslam incəsənətinə töhfə verməkdən məmnun olduğunu qeyd edib.
   Mükafatın digər laureat musiqiçi Şamma Nasir olub. O qeyd edib ki, mədəniyyətlərin inkişafı, yayılması üçün musiqidən istifadə etmək çox əhəmiyyətlidir. Gənclər incəsənəti daha tez qavrayırlar. Buna görə də gələcəkdə incəsənət vasitəsilə ərəb mədəniyyətinin inkişafına töhfə vermək üçün onların istedadlarını üzə çıxarmaq zəruridir.
   Çıxışlardan sonra Şamma Nasirin və azərbaycanlı tarzən Şəhriyar İmanovun ifasında musiqilər səsləndirilib.