“Bu iş davam etdiriləcək və gələcək nəsillər üçün faydalı olacaq”
   
   Mayın 6-da “Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda təşkil olunan IV Dünya Mədəniyyətlərarası Dialoq Forumuna yekun vuruldu.
   Bağlanış mərasiminin moderatoru Böyük Britaniyanın Koventri Universitetinin İnam, Sülh və Sosial Əlaqələr Mərkəzinin icraçı direktoru, professor Mayk Hardi Forumun əhəmiyyətini yüksək qiymətləndirdi: “İki gün ərzində müzakirə etdiyimiz məsələlər beynəlxalq əməkdaşlıq baxımından çox önəmli idi. “Bakı prosesi” bir daha sübut edir ki, bu istiqamətdə birlikdə çalışmalıyıq”. 
   Beynəlxalq təşkilatla birlikdə “Bakı prosesi”nə yeni töhfələr verəcəklərini söyləyən alim bu prosesin yeni layihələrə rəvac verəcəyini vurğuladı. Qeyd etdi ki, Forumda mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələləri, qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsiri və sintezi, etnik münaqişələrin qarşısının alınması, turizmin inkişafı və digər məsələlərə toxunulub, mədəni müxtəliflik üçün ictimai dəstəyin göstərilməsinə dair maraqlı təkliflər irəli sürülüb.
   UNESCO-nun baş direktoru İrina Bokova Forumla bağlı fikirlərini bölüşdü: “Hər bir yekun yeni başlanğıclar üçün imkanlar yaradır. Biz Bakıdan yeni fikirlərlə, ideyalarla ayrılacağıq. Birinci Forumdan ötən müddət ərzində görülən işlər artıq öz bəhrəsini verir. Bu mənada ki, Forumun coğrafiyası ötən müddət ərzində çox genişlənib. UNESCO ümumilikdə Forum çərçivəsində 13 tədbir keçirdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə, həmçinin bir sıra ölkələrin birinci xanımları ilə görüşlərimiz oldu. Bu görüşlərdə qadınların təhsili məsələsi ilə bağlı müzakirələr apardıq. Qadınların təhsili ekstremizmə qarşı mübarizədə olduqca vacibdir”.
   BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser Azərbaycan Prezidentinə belə bir əhəmiyyətli forumun təşkilinə görə təşəkkürünü bildirdi. Qeyd etdi ki, mədəniyyətlərarası və dinlərarası dialoq məsələsi getdikcə daha böyük əhəmiyyət kəsb edir. O diqqətə çatdırdı ki, Azərbaycan hökuməti və BMT-nin Sivilizasiyalar Alyansı gələn il “Bakı prosesi”nin 10-cu ildönümünü qeyd edəcək və bu münasibətlə mükafatlar yüksək səviyyəli rəsmilərə təqdim olunacaq.
   İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri də tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə təşəkkür etdi. Qeyd etdi ki, İSESCO Forumla tərəfdaşlığı davam etdirəcək.
   Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Azərbaycan hökumətini təbrik edərək Dialoq Forumunun artıq ənənəyə çevrildiyini vurğuladı: “Biz düzgün vaxtda, düzgün məkanda lazımi mövzunu müzakirə etdik. Bu iş davam etdiriləcək və gələcək nəsillər üçün faydalı olacaq”.
   O, Azərbaycanın gənc, eyni zamanda müasir ölkə olduğunu qeyd etdi: “Biz mədəniyyətlərarası dialoq haqqında danışarkən başqalarına dərs öyrətmək məqsədi daşımırıq. Əksinə, biz özümüz üçün nəticələr çıxarmalıyıq. Elə mühit yaratmalıyıq ki, insanlar bir-biri ilə əlaqədə olsunlar”.
   Tədbirdə çıxış edən digər natiqlər Azərbaycanın yüksək təşkilatçılığına görə təşəkkürlərini bildirdilər.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Azərbaycanın böyük sayda beynəlxalq təşkilatların üzvü olması məsuliyyəti daha da artırır: “Forumda 123 ölkə təmsil olunur. İştirakçıların sayı 1500 nəfərdən çoxdur və onların təxminən 800-ü xaricdən gəlib. Forum müddətində 200 məruzəçi çıxış edib, 40 müxtəlif tədbir, o cümlədən sessiya və dəyirmi masalar təşkil edilib. Habelə 47 beynəlxalq təşkilatın rəhbərləri bir yerdə müzakirələr aparıblar. Bütün sessiyalarda keçirdiyimiz hər məqam canlı şəkildə BMT televiziyası və BMT veb-saytı vasitəsilə yayımlanıb”.
   “Bakı prosesi”nin davamlı olacağını bildirən Əbülfəs Qarayev gələn il bu prosesin 10 yaşının tamam olacağını dedi. “Biz tarixi yaddan çıxarmamalıyıq. Çünki tarixi bilmədən gələcəyi görmək olmaz”- deyən nazir bütün iştirakçılara Azərbaycan hökuməti adından təşəkkürünü bildirdi.
   Sonda xatirə şəkli çəkdirildi.
   
   F.Hüseynov