Mayın 6-da Nizami Kino Mərkəzində IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə “Birincilərin zamanı” bədii filminin premyerası keçirildi.
Filmin nümayişindən əvvəl jurnalistlərin suallarını cavablandıran Rusiyanın mədəniyyət naziri Vladimir Medinski bildirdi ki, ekran əsərinin Forum çərçivəsində təqdim olunması simvolik xarakter daşıyır. Çünki filmdə əks olunan hadisələrin cərəyan etdiyi dövrdə Sovet İttifaqı adlanan dövlətdə 15 respublikanın xalqları dostluq şəraitində yaşayırdılar və qazanılan hər bir uğur və qələbə də bütün xalqların birgə zəfəri idi. Azərbaycanın multikultural dəyərlərə verdiyi töhfələrdən söz açan rusiyalı nazir Forumun işini yüksək dəyərləndirdi və Azərbaycanın mədəniyyətlərarası dialoqda yaratdığı körpü, müxtəlif mədəniyyətləri bir araya gətirməsi rolunun əhəmiyyətindən söz açdı.
Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunda Rusiyanın mədəniyyət nazirinin başçılığı ilə nümayəndə heyətinin iştirakının əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, ölkələrimiz arasında sıx münasibətlər mədəniyyət və turizmin bir çox sahələrində də özünü təzahür etdirir: “Təqdim edilən film də bu silsilədəndir. “Birincilərin zamanı” filmi insanın açıq kosmosa çıxması kimi bütün dünya üçün əlamətdar olan hadisəyə həsr edilib. Kosmosun fəthi bütün keçmiş SSRİ respublikalarının ümumi qələbəsidir. Bu film və mövzu bizə çox doğmadır. Çünki burada olanlardan bir çoxumuz həmin hadisənin şahidləri olmuşuq. Müasir dövrdə yeni texnoloji uğurlar, elmin inkişafı bizə bir daha həmin illərin ağlasığmaz uğurlarını xatırladır və qürur duymağımıza zəmin yaradır. Rusiya və Azərbaycan arasında bütün sahələrdə olduğu kimi, mədəni və turizm sahəsində əlaqələr bundan sonra da öz axarı ilə davam edəcək”.
Sonra Rusiyanın mədəniyyət naziri Vladimir Medinski film haqqında məlumat verdi. Bildirdi ki, ekran işinin məsləhətçisi əfsanəvi kosmonavt Aleksey Leonovdur. Film onun qəhrəmanlığına həsr edilib. Planetimizin hüdudlarından kənarda kosmonavtın üzləşdiyi bütün çətinliklər ekran əsərində göstərilib. Yəni filmdə əks olunan bütün hadisələr tamamilə reallıqdır: “Həmin dövrdə kosmonavtlarımızın keçdiyi təcrübələr bizdə qəhrəmanlıq hissi yaradır. Vaxtilə sovet kosmonavtlarının dəf etdikləri sədlər, qazandığı təcrübələr anındaca gizli arxivlərə ötürülüb. Amma bu gün biz bu sənədlərlə tanış olmaq imkanı qazanmışıq. Mən Aleksey Leonovla söhbət edərkən və filmdəki hadisələr haqqında reallıqlarla tanış olduqca bu gün kosmosdan bəhs edən Hollivud filmləri artıq gülüş doğurur. Çünki kosmonavtların başına gələn əhvalatlar və yaşananlar heç bir ssenaristin ağlına gələ bilməz. Filmi Bakıda nümayiş etdirməkdən qürur duyuruq. İnanıram ki, azərbaycanlı tamaşaçılar filmi bəyənəcəklər”.
Qeyd edək ki, Rusiyanın “Bazelevs” kino şirkəti və “Tretiy Rim” studiyası tərəfindən 3D formatında çəkilmiş “Birincilərin zamanı” filmində 1965-ci ildə insanın ilk dəfə açıq kosmosa çıxmasından söz açılır. Filmin ssenari müəllifləri Yuri Korotkov və Sergey Kalujanov, rejissoru Dmitri Kiselyov, operatoru Vladimir Başta, rəssamı Ancelina Terexova, prodüserləri Timur Bekmambetov və Yevgeni Mironovdur. Baş rollarda Yevgeni Mironov və Konstantin Xabenski çəkiliblər.
Xatırladaq ki, 1965-ci ilin 18 martında SSRİ ABŞ-la kosmosun fəthi ilə bağlı mübarizədə uğur qazanır. Sovet kosmonavtı Aleksey Leonov kosmosdan “Vostok 2” peykindən kənarda, açıq kosmosdan Yer kürəsini salamlayan ilk insan olur. Onun 12 dəqiqə 9 saniyə kosmosda olması bütün SSRİ-də əks-səda doğurur. Kosmonavtın geri qayıdışı da çox çətinliklərlə müşayiət olunur.
Lalə Azəri