IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunda turizmin qlobal miqyaslı aktual problemlərinə də diqqət ayrılmışdı. Mayın 5-də Forum çərçivəsində “Daha yaxşı gələcəyin qurulması naminə turizmin transformativ gücündən istifadə: müştərək məsuliyyət” mövzusunda panel sessiyası keçirildi.
   Sessiyanın moderatoru Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai tədbirin əhəmiyyətini xüsusi vurğuladı. Baş katib IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirdi. 
   Daha sonra məruzəçilərdən Petra Milli İnam Fondunun prezidenti şahzadə Dana Firas "Turizm dünyanı necə yaxşılaşdıra bilər?" mövzusunda çıxış etdi. Diqqətə çatdırıldı ki, turizmin davamlı inkişafı üçün bu sahədə beynəlxalq təcrübəyə əsaslanan səmərəli metodlardan istifadə olunmalıdır. Hər bir ölkənin sosial-iqtisadi reallıqlarına uyğun layihələr işlənilməlidir. Turizm ölkələrə mənfəət gətirməklə yanaşı, həm də ölkələrin tanıdılmasına yardımçı olur. 
   Şri-Lankanın turizmin inkişafı və xristian dini işlər üzrə nazir müavini Arundika Fernando ölkəsinin turizm imkanları haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Şri-Lankada turistləri cəlb edən bir amil də buradakı qədim memarlıq abidələridir. Turistlər bu ölkəni daha çox tarixlə yaxından tanış olmaq üçün seçirlər. Kambocanın Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Thok Sokhom ölkəsində müharibələrdən sonra turizmin tamamilə məhv olduğunu diqqətə çatdırdı. 
   Bəhreynin Mədəniyyət və Əntiq Əşyalar İdarəsinin sədri və Dünya İrsi üzrə Ərəb Regional Mərkəzinin prezidenti Şaika Mai Bint Mohammad əl-Xəlifə Bəhreyndə turizmin şaxələndirilməsinə dair həyata keçirilən layihələr barədə məlumat verdi. Diqqətə çatdırdı ki, ölkəsinin özünəməxsus adət-ənənələri var və onlar turistlərin hər zaman diqqətini çəkib.
   Belçika Xarici İşlər Nazirliyinin departament rəhbəri Koen Verlaext vurğuladı ki, bu gün bütün dünya ölkələri turizmə böyük yatırımlar qoyurlar. Yaşadığı ərazinin uzun zaman müharibələrə məruz qaldığını diqqətə çatdıran K.Verlaext bu gün xarici turistlərin əsasən döyüşlərin baş verdiyi yerlərə, hərbçilərin dəfn olunduğu qəbiristanlıqlara baş çəkdiklərini vurğuladı.
   Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizin turizm potensialı və dövlətimizin həyata keçirdiyi turizm siyasətindən danışdı. Turizm sahəsində ölkəmizin rəqabət imkanlarının çox yüksək olduğunu deyən nazir vurğuladı ki, Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib: “Torpaqlarımızın 20 faizinin işğal altında olmasına baxmayaraq, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilir. Əldə edilən nəticələr, ölkəmizə gələn turistlərin sayının ildən-ilə artması da onu göstərir ki, bu istiqamətdə dövlət və özəl sektorun apardığı birgə siyasət öz səmərəsini verir. Turizm milli irsi, adət-ənənələri yayan bir qüvvədir”.
   Nazir ölkəmizdə turizmin inkişafına verdiyi töhfələrə görə Dünya Turizm Təşkilatına təşəkkürünü bildirdi. 
   Turizm Vasitəsilə Beynəlxalq Sülh İnstitutunun təsisçisi və prezidenti Luis D Amor çıxışı zamanı özünün turizm təcrübəsindən söz açdı. O, turizm sahəsində əldə etdiyi uğurların səbəbini dünya təcrübəsinə uyğunlaşmaqda gördüyünü vurğuladı. Bildirdi ki, bu sahədə nailiyyətlərə imza atmağın yollarından biri müxtəlif ölkələrin turizm təcrübəsindən yararlanmaq, marketinq sahəsində bilikləri püxtələşdirməkdir. 
   Sessiyanın sonunda Dünya Turizm Təşkilatı tərəfindən hazırlanan “Səyahət, ləzzət, ehtiras!” adlı sənədli film nümayiş olundu. 
   
   Lalə