Sərgi salonundan təəssürat
Xəbər verdiyimiz kimi, mayın 2-də Muzey Mərkəzində “İrs: Respublikanın sərvəti, ölkəmizin tarix səhifələri qrafika və heykəltəraşlıq əsərlərində” adlı sərgi açılmışdı. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası (ADRQ) və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən sərgi ayın 8-dək davam etdi. Sərgidə 150 qrafika, 60 heykəltəraşlıq, 22 plakat əsəri nümayiş etdirildi.
Muzeyin girişində heykəltəraşların əsərləri tamaşaçıları qarşılayır. Bunların içərisində ilk olaraq heykəltəraş, Əməkdar rəssam Zeynalabdin İsgəndərovun “Rəssam Rasim Babayevin portreti” əsəri diqqəti cəlb edir. Müəllif rəssamın xarakterini çox ustalıqla verə bilib.
Xalq rəssamı, heykəltəraş Tokay Məmmədovun “Mirzə İbrahimov”, “M.Ə.Sabir”, “Bəstəkar Xəyyam Mirzəzadə” portretləri qarşısında da ayaq saxlayırıq. Bundan başqa, akademik Ömər Eldarovun “Gənc oğlan”, Pinxos Sabsayın “Neftçinin portreti”, “Ailə”, Həyat Abdullayevanın “Vəcihə Səmədovanın portreti”, Kamal Ələkbərovun “Arif Məlikovun portreti”, İbrahim Zeynalovun “Nəbi Xəzri”, Mirəli Mirqasımovun “Mirəsədulla Mirqasımovun portreti” əsərləri öz bədii özəllikləri ilə tamaşaçıda təsir yarada bilir.
Sərgidə Azərbaycan rəssamlarının bir-birindən maraqlı, müxtəlif texnikalarla işlədikləri qrafika nümunələri başlıca yer tutur. Əməkdar rəssam Rəsul Hüseynovun “Ayıpəncəsi çiçəyi”, “Qanqal” əsərləri adi qara karandaşla böyük ustalıqla işlənib. İndi Türkiyədə çalışan Əməkdar rəssam Arif Ələsgərovun “Dulusçu emalatxanası”, “Musiqiçi emalatxanası”, “Ayaqqabı emalatxanası” maraqlı silsilədir, ancaq nədənsə hər üç əsərdəki emalatxanada çalışan usta obrazları bir-birinə bənzəyir. Rəssamın “Sirk”, “Kəndirbazlar”, “Pəhləvanlar” əsərlərisə xalqımızın keçmiş məişətilə bağlıdır.
Əməkdar incəsənət xadimi Arif Əzizin pastel boya ilə çəkdiyi “Ətrafa baxış”, “Qala kəndi”, “Pəncərədən görünüş”, “Ata haqqında xatirələr”, “Su ilə söhbət” əsərləri özünün sərt rəngləriylə yadda qalır.
Sərginin yer aldığı əsas salonda Etibar Aslanovun “Bakı ritmləri”, Rauf Əbdülhüseynoğlunun “Nur” tripitixi, Mais Əliyevin “Qatil”, “Qarabağ nişanda”, “Haray”, Xalq rəssamı Rafis İsmayılovun “Cavadxan” filminə çəkdiyi iki eskizi, Xalq rəssamı Altay Hacıyevin xalq qəhrəmanı ilə bağlı çəkdiyi “Koroğlu - döyüşçü”, “Koroğlu - aşıq” əsərləri sənətkarların fərqli üslub bacarığını ortaya qoyur.
Heykəltəraşlar Sahib Quliyevin “Şirvanşah Şeyx İbrahim”, Xalq rəssamı Arif Qazıyevin “Nuru Paşa”, Əməkdar rəssam Hüseyn Haqverdinin “Üzeyir Hacıbəyov” heykəlləri də çox maraqlı əsərlərdir.
Sərgidəki əsərlərin çoxu sovet dönəmində yaradılıb. Xalq rəssamı Arif Hüseynovun Azərbaycanda sovetləşməni təbliğ edən “Aprel səhəri” əsərinin niyə sərgilənməsi isə maraq doğurur.
Xalq rəssamları Maral Rəhmanzadənin “Neft daşları” silsiləsi, Tahir Salahovun “Neft mənzərəsi” əsəri fırça ustalarının səfər təəssüratları əsasında yaradılıb.
Əməkdar rəssam Həmzə Abdullayevin “Köhnə kənd” və “Pambıqyığanlar” əsərlərini gözəl sulu boya örnəkləri saymaq olar. Nadir Axundovun qara tuşla kağız üzərində yaratdığı “Çoban”, “İnşaatçılar”, “İstirahət”, “Tənhalıq”, “Uşaq ilə qadın” qrafik əsərləri rəssamın fərqli üslubundan soraq verir.
Xalq rəssamları Yusif Hüseynovun “Balıqçı”, Rafiq Mehdiyevin “Zağcalar”, Cəmil Müfidzadənin “Bakı sahili”, “Estakada yanı”, Kazım Kazımzadənin “Peşəkarların həyatından rəsmlər”, Qafar Seyfullayevin “Bakı. Gündüz” əsərlərində yüksək təsvir peşəkarlığı gözə dəyir.
Sərgidə 22 plakat da nümayiş olunur. Onlar bir müddət öncə Bakı İncəsənət Mərkəzi tərəfindən qorunmaq üçün Mədəniyyət və Turizm Nazirliyinə verilib. Gündüz Əlizadənin “Azərbaycan Xalq Cümhuriyyəti”, Kirman Abdinin “Saat”, “Azərbaycanın xilası sağlam qüvvələrin birliyindədir”, Rəşid Şərifin “Qaçqınlar”, İlqar Əmrahovun “Əsrlərdən nəsillərə” əsərləri özünün ifadə etdiyi anlamlarıyla yadda qalır.
Bütövlükdə sərgi daha çox sovet dönəmində yaşayıb-yaratmış sənətkarların əsərlərindən təşkil olunub. Bu baxımdan şübhəsiz ki, dönəmin rəssamlar qarşısında qoyduğu tələblər əsərlərin hamısında görünür. Əsərlər təsvir ustalığı baxımından diqqət çəksə də, onlarda mövzu genişliyinin olmaması gözdən yayınmır.
S.Qaliboğlu