Son iki ildə I Avropa Oyunları, Formula-1 Qran-prisi, Dünya Şahmat Olimpiadası kimi mötəbər idman yarışlarına ev sahibliyi etmiş Azərbaycan paytaxtı bu siyahını zənginləşəcək daha bir beynəlxalq tədbiri qəbul edir. Mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunları başlanır.
Oyunlara 54 müsəlman ölkəsindən 3 minədək atlet qatılıb. Onlar 23 idman növü üzrə mübarizə aparacaqlar. Ümumilikdə 1600 medalın təqdim edilməsi nəzərdə tutulub. Oyunların proqramına daxil edilmiş 165 idman yarışı 17 müxtəlif idman obyektində keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti IV İslam Həmrəyliyi Oyunlarında yüksək nəticə göstərəcək idmançılarımızın və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, birinci yeri tutan idmançıya 50 min manat (məşqçisinə 25 min), ikinci yeri tutan idmançıya 30 min (məşqçisinə 15 min), üçüncü yeri tutan idmançıya 20 min (məşqçisinə 10 min) manat məbləğində mükafat veriləcək.
Medalçılar sırasına düşəcək idmançılar Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən də mükafatlandırılacaqlar: birinci yer - 50 min manat, ikinci yer - 30 min, üçüncü yer - 20 min manat.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İslam Həmrəyliyi Oyunları ilə bağlı geniş mədəni və turizm xidməti proqramı hazırlanıb. Bakı şəhərində və regionlarda yerləşən tarix-mədəniyyət qoruqları, müxtəlif profilli muzeylər və xüsusi hazırlanmış turizm marşrutları üzrə ekskursiya xidmətləri təşkil olunacaq. Muzey və qalereyalar turistlərə daha uzun müddətdə xidmət göstərilməsi üçün uzadılmış iş rejimində işləyəcəklər.