Azərbaycan
13 may 1929 - Şair və tərcüməçi Hikmət Ziya (Hikmət Ziya oğlu Əfəndiyev; 1929 - 2.8.1995) Ağdamda anadan olub. Uşaq və gənclər üçün bir çox əsərlərin müəllifidir.
13 may 1937 - Xalq artisti, tarzən Adil Kamil oğlu Bağırov anadan olub. Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblına rəhbərlik edib.
13 may 1943 - Xalq yazıçısı, dramaturq, filologiya elmləri doktoru, professor Elçin İlyas oğlu Əfəndiyev anadan olub. 1993-cü ildən Azərbaycan Respublikası Baş nazirinin müavinidir. Əsərləri: "Ağ dəvə", “Mahmud və Məryəm" (roman), “Dolça”, “Bir görüşün tarixçəsi” (povest), “Mənim ərim dəlidir”, “Cəhənnəm kirayənişinləri”, “Teleskop” (pyes) və s. “Arxadan vurulan zərbə”, “Gümüşü furqon”, “Bağ mövsümü” və s. filmlərin ssenari müəllifidir.
13 may 1982 - Böyük bəstəkar, pedaqoq, Azərbaycan Elmlər Akademiyasının akademiki, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Əbülfəz oğlu Qarayev (5.2.1918 - 1982) vəfat edib. Dünya musiqi xəzinəsinə daxil olan “Yeddi gözəl" (1952), “İldırımlı yollarla" (1958) baletləri, “Don Kixot" simfonik qravürü, “Leyli və Məcnun" simfonik poeması, “Vyetnam" süitası, üç simfoniya və s. əsərlərin müəllifidir.
14 may 1916 - Azərbaycan kinosu tarixində ilk tammetrajlı bədii film - “Neft və milyonlar səltənəti” nümayiş etdirilib. Yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında ekranlaşdırılan filmin rejissoru Boris Svetlov idi.
15 may 1893 - Görkəmli türkoloq alim, professor, şair Bəkir Vahab oğlu Çobanzadə (1893 - 13.10.1938) Krımın Simferopol qəzasının Qarasubazar kəndində anadan olub. Azərbaycanda dilçilik elmi və türkologiyanın təşəkkülü və inkişafında böyük rol oynayıb. Stalin repressiyasının qurbanı olub.
15 may 1899 - Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə; 1899 - 9.11.1973) Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. Bir sıra filmlərdə (“Bakılılar”, “Kəndlilər”, “Dağlarda döyüş”) maraqlı obrazlar yaradıb.
15 may 1921 - Əməkdar elm xadimi, filosof, professor Midhət Mirmusa oğlu Ağamirov (1921-1995) anadan olub.
15 may 1918 - Ədəbiyyatşünas, tənqidçi Əzizağa Hacıəli oğlu Məmmədov (1918-1986) Lənkəranda anadan olub.
15 may 1920 - Azərbaycan Xalq Maarif Komissarlığı respublikada vicdan azadlığının elan edilməsi, dinin dövlətdən və məktəbdən ayrılması barədə dekret verib.
15 may 1922 - SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev (1922 - 19.9.1995) anadan olub. Populyar mahnıların ("Sevgilim", "Leyla"), operettaların ("Romeo mənim qonşumdur", "Dördüncü fəqərə", “Talelər qovuşanda” və s.) müəllifidir. «Bir qalanın sirri», «Kölgələr sürünür», «Qara daşlar», «Əhməd haradadır?» və s. filmlərə musiqi yazıb. 60-cı illərdə Azərbaycanın mədəniyyət naziri işləyib.
15 may 1930 - Nasir, dramaturq, ədəbiyyatşünas Altay Yusif oğlu Məmmədov (1930 - 15.7.2003) Gəncədə doğulub. "Kişilər", "Yadındamı", "Ulduzlar görüşəndə" və s. pyeslərin müəllifidir. Rus dilindən ədəbi tərcümələr edib.
15 may 1930 - Ədəbiyyatşünas, tənqidçi, tərcüməçi Qəzənfər Yusif oğlu Əliyev (1930-1984) anadan olub.
15 may 1931 - Teatrşünas, sənətşünaslıq doktoru, professor Mahmud Qara oğlu Allahverdiyev (1931 - 2.12.1999) Gürcüstanın Bolnisi rayonunun Mirhəsənli kəndində doğulub. Mədəniyyət və İncəsənət Universitetində, Türkiyədə Memar Sinan Universitetində dərs deyib.
15 may 1939 - Yazıçı-dramaturq, filologiya elmləri doktoru Həmid Arzulu (Həmid Fərhad oğlu Əliyev) Şərur rayonunun Təzəkənd kəndində anadan olub. Alman ədəbiyyatından tərcümələr edib.
15 may 1944 - Aktyor, rejissor, Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov Hacıqabul rayonunun Atbulaq kəndində doğulub. “Yeddi oğul istərəm”, “Nəsimi”, “Qətl günü” və s. filmlərdə çəkilib. “Doğma sahillər”, “Gecə qatarında qətl” filmlərə quruluş verib.
16 may 1950 - Xalq artisti Arif Quliyev anadan olub. Musiqili Komediya, Milli Dram teatrlarında işləyib. “Bəxt üzüyü”, “O dünyadan salam” və s. filmlərdə, televiziya tamaşalarında maraqlı rollar oynayıb.
16 may 1992 - Kinooperator, Əməkdar incəsənət xadimi Arif Əmir oğlu Nərimanbəyov (13.4.1917 - 1992) vəfat edib. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “İnsan məskən salır”, “Onun bəlalı sevgisi”, “Nizami” və s. filmləri çəkib.
Dünya
13 may 1840 - Fransız yazıçısı Alfons Dode (Alphonse Daudet; 1840-1897) anadan olub. Əsərləri: “Taraskonlu Tartarenin qeyri-adi sərgüzəştləri”, “Böyük Fromon və balaca Risler”, “Safo” (roman), “Arlezianka” (pyes).
13 may 1842 - İngilis bəstəkarı Artur Sallivan (Arthur Seymour Sullivan; 1842-1900) anadan olub.
13 may 1882 - Fransız rəssamı, təsviri sənətdə kubizm cərəyanının banisi Jorj Brak (Georges Braque; 1882-1963) anadan olub.
13 may 1924 - Sovet hökuməti kino işinin yenidən qurulması barədə qərar qəbul edib. Kino çəkilişi və prokatında inhisarçılıq bütünlüklə dövlətə (Xalq Maarif Komissarlığına) verilib.
13 may 1956 - Rus yazıçısı Aleksandr Fadeyev (əsl soyadı Bulıqa, 1901-1956) intihar edib. “Tarmar”, “Gənc qvardiya” və s. romanların müəllifidir. SSRİ Yazıçılar İttifaqının sədri olub.
14 may 1265 - Böyük italyan şairi Dante Aligeri (1265 - 14.9.1321) anadan olub. Bəzi mənbələrdə təvəllüdü 30 may göstərilir. İntibah ədəbiyyatının şah əsərlərindən olan “İlahi komediya” poemasının müəllifidir. Axirət dünyasına səyahəti təsvir edən poema üç hissədən (“Cəhənnəm", "Əraf", "Cənnət") ibarətdir.
14 may 1771 - İngilis filosofu, sosialist Robert Ouen (Robert Owen, 1771-1858), anadan olub.
15 may Beynəlxalq Ailə Günüdür (İnternational Day of Families). BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə əsasən qeyd olunur.
15 may 1567 - İtaliya bəstəkarı Klaudio Monteverdi (Claudio Monteverdi, 1567-1643) anadan olub. Operaları: “Orfey”, “Ariadna”, “Poppeyanın tacqoyması”.
15 may 1848 - Rus rəssamı Viktor Vasnesov (1848-1926) anadan olub. Məşhur rəsmləri: “Üç cəngavər”, “Çar İvan Qroznı” və s.
15 may 1862 - Avstriya dramaturqu Artur Şnisler (Arthur Schnitzler, 1862-1931) anadan olub.
15 may 1891 - Rus yazıçısı Mixail Bulqakov (1891 - 10.3.1940) Kiyev şəhərində doğulub. Nəsr əsərləri: "Usta və Marqarita", "Ağ qvardiya", "İt ürəyi", “Cənab de Molyerin həyatı”; pyesləri: "Qaçış", “Turbinlər ailəsinin günləri", "Zoykanın mənzili", “İvan Vasilyeviç”. Bir sıra əsərləri ekranlaşdırılıb.
16 may 1910 - Rus yazıçısı və şairəsi Olqa Berqols (1910-1975) anadan olub. Böyük Vətən müharibəsində 900 gün blokadada qalan Leninqradda fədakar yaradıcılıqla məşğul olub, “Leninqrad poeması”nı yazıb.
16 may 1915 - İtaliya kinorejissoru Mario Moniçelli (1915-2010) anadan olub. Filmləri: “Polislər və oğrular”, “Böyük müharibə” və s.
Hazırladı: Vüqar Orxan