AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü Musa Qasımlının “Erməni sorunu və böyük dövlətlər. 1724-1920” kitabı Ankarada təkrar nəşr olunub.
Qafqazşünaslıq İnstitutundan bildiriblər ki, “Astana yayınları” nəşriyyatında çapdan çıxan monoqrafiya Azərbaycan, Rusiya, Gürcüstan, ABŞ, Böyük Britaniya və Türkiyənin ən mötəbər arxiv materialları, sənədlər, o cümlədən rusdilli erməni mənbələri və müxtəlif dillərdə nəşr edilmiş ədəbiyyat əsasında yazılıb.
Əsərdə məlum dövlətlər tərəfindən “Şərq məsələsi”nin tərkib hissəsi kimi uydurma “erməni məsələsi”nin quraşdırılması, həlli üçün atılan addımlar, qarışıq dövrlərdə erməni siyasi-terror təşkilatlarının Anadoluda və Cənubi Qafqazdakı qanlı fəaliyyətləri və onun ağır nəticələri, törətdikləri kütləvi qırğınlar, daşnak Ermənistanın mülki türk, müsəlman əhaliyə qarşı həyata keçirdiyi soyqırımları, böyük dövlətlərin siyasəti və s. məsələlər araşdırılıb, “erməni soyqırımı” məsələsinin siyasi məqsədlər üçün uydurulduğu tarixi mənbələr əsasında bir daha sübut edilib.
Nəşrin elmi redaktoru görkəmli türk tarixçisi, Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin Tarix İnstitutunun direktoru, professor Kamal Çiçəkdir.