Türkiyənin mədəniyyət və turizm naziri Nəbi Avcı ilə Rusiyanın mədəniyyət naziri Vladimir Medinski birgə film və serial ərsəyə gətirilməsi üçün razılığa gəlib. İki nazir Bakıda keçirilən IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində görüşüb.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, nazirlər mədəni əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Türkiyə teleseriallarına rusiyalı tamaşaçılar tərəfindən böyük maraq olduğunu deyən V.Medinski türk və rus aktyorların oynayacağı və birgə ssenari əsasında çəkiləcək serialların iki ölkədə geniş izləyici auditoriyası qazanacağını bildirib.
Qeyd edək ki, prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin tərəfindən mart ayında Moskvada imzalanan müqaviləyə əsasən, 2019-cu il iki ölkədə qarşılıqlı olaraq “Mədəniyyət və turizm ili” elan edilib.
Nazir Avcı bildirib ki, bu çərçivədə görülən işlər iki ölkənin mədəni həyatına əhəmiyyətli töhfə verəcək. “Birgə serial, kino və film layihələrinin hazırlanmasına, iki ölkə yazıçılarının əsərlərinin ssenariləşdirilərək serial, yaxud kinofilm çəkilməsinə son dərəcə əhəmiyyət veririk. Biz artıq işlərə başlamışıq. Rus ədibi Anton Çexovun “Asqırıq” adlı hekayəsi ssenariləşdirilir", - deyə o əlavə edib.
İlona