Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq muzeylər günü ənənəvi olaraq ölkəmizdə də geniş şəkildə, müxtəlif tədbirlərlə qeyd edilir. Bu il əlamətdar gün İCOM tərəfindən elan olunan “Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusuna həsr edilib.
   İCOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə 18 mayda ölkəmizin əksər muzeyləri bu şüar altında birləşərək öz profillərinə uyğun tədbirlər təşkil edəcəklər. “Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusu cəmiyyətdə muzeylərin rolundan bəhs edir və sülh şəraitində paylaşılan bir gələcək təsəvvür edilərkən mübahisəli tarixin qəbul edilməsini ilk addım kimi vurğulayır. Hazırda İCOM Azərbaycan Milli Komitəsinin 39 muzey və 11 digər təşkilatların nümayəndələrindən ibarət 100 nəfər üzvü var. 
   Beynəlxalq muzeylər günü münasibətilə Azərbaycan Xalça Muzeyində “Dekorativ-tətbiqi sənətdə sosialist realizmi” adlı sərgi keçiriləcək. Burada sovet dövrünün əsas üslubunda hazırlanmış xalçalar, keramik qablar və digər sənət nümunələri təqdim olunacaq. XX əsrin ortalarına aid dekorativ-tətbiqi sənət nümunələri sərgisi sosialist realizmi kanonlarının bu sahədə tətbiqi və yayılmağını, utilitar mahiyyətindən doğan xüsusi bədii təbiətini izləməyə imkan yaradır. 
   Azərbaycan Milli İncəsənət Muzeyində isə həmin gün “Unudulmuş unudulmaz” adlı sərgi keçiriləcək. Layihə XX əsrin I yarısında sovet rəhbərliyi tərəfindən həyata keçirilmiş repressiyanın qurbanlarına həsr olunur. Onların arasında təsviri sənət ustaları da olub. Sərgidə Ələkbər Rzaquliyev, Həsən Haqverdiyev, eləcə də valideynləri “antisovet fəaliyyəti”nə görə repressiyanın günahsız qurbanları olmuş Vidadi Nərimanbəyov, Toğrul Nərimanbəyov, Oqtay Sadıqzadə, Toğrul Sadıqzadə, Tahir Salahov kimi rəssamların əsərləri nümayiş olunacaq. Tədbir çərçivəsində onların həyat və yaradıcılığı barədə məlumat veriləcək. 
   Onu da qeyd edək ki, Beynəlxalq muzeylər günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsinə əsasən 18-20 may tarixində ölkənin bütün muzey və mədəniyyət qoruqlarında “Açıq qapı” aksiyası keçiriləcək.
   
   L.Azəri