Mayın 16-da Azərbaycan Xalça Muzeyində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə birgə layihə əsasında könüllülərə ustad dərsləri keçilib.
Muzeyin direktoru, İCOM-Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova, muzeyin şöbə müdiri Aygün Abbasova, ADMİU-nun kafedra müdiri, dosent Yeganə Eyvazova və başqaları çıxış edərək mədəni irsin qorunub saxlanması, nümayiş etdirilib təbliğ olunması və bütün dünyaya çatdırılmasında könüllülərin xüsusi rolu olduğunu deyiblər.
Bildirilib ki, muzeyşünas tələbələrin muzey işində təcrübə, bacarıq və qabiliyyətlərə yiyələnməsi üçün muzey könüllüləri hərəkatını formalaşdırmaq, inkişaf etdirmək və gənclərin muzeylərə marağını artırmaq vacibdir.
Vurğulanıb ki, muzeydə olan tələbələr zəngin təcrübə toplayır, tədbirlərdə iştirak edib, gələn ziyarətçilərlə təmasda olmaq və onlara xidmət göstərilməsi sahəsində fəallıq göstərirlər. Burada qazandıqları təcrübə, onlara nəinki muzeydə, hətta digər sahələrdə çalışsalar da, bir kadr kimi formalaşmalarında əhəmiyyətli rol oynayacaq.