Azərbaycanın Polşadakı səfirliyinin, Krakov şəhər meriyasının, Yaqellon Universitetinin hüquq və administrasiya, həmçinin idarəetmə və turizm fakültələrinin himayədarlığı ilə “Tarixi abidələrin hüquqi baxımdan qorunma formaları” adlı III elmi konfrans təşkil edilib. Bu barədə Azərbaycan səfirliyindən məlumat verilib.
Konfransda səfir Həsən Həsənov “Azərbaycanın milli-mədəni irsi” mövzusunda məruzə ilə çıxış edib. Ölkəmizin çoxəsrlik tarixi, mədəniyyəti, incəsənəti, dili və ədəbiyyatı haqqında dinləyicilərə fotolardan ibarət elektron təqdimat da nümayiş olunub. Səfir, eyni zamanda Qarabağ regionunun Azərbaycanın milli-mədəni irsində tutduğu xüsusi yeri vurğulayaraq, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verib.
Konfransda, həmçinin Yaqellon Universitetinin magistri Vitold Qurnı “İdman-irs-turizm. 2010-2017-ci illərdə Azərbaycan Respublikasının təbliğat istiqamətində fəaliyyətinin təhlili” mövzusunda çıxış edib. O, Azərbaycanda milli və mədəni dəyərlərdən istifadə olunmaqla ölkənin təbliğatının düzgün aparıldığını vurğulayıb. Azərbaycanda təşkil olunan dünya miqyaslı idman yarışlarının həm turizmin inkişafında, həm də əcnəbilərin ölkəmiz ilə yaxından tanışlığında mühüm rol oynadığını xüsusi qeyd edib.