Kitabxanada yazıçı ilə görüş olub
   
   Azərbaycan yazıçısı Varis Yolçuyev Fransanın “L`Autographe” (“Avtoqraf”) almanaxına daxil edilmiş “İyirmi bir” adlı hekayəsinə görə “Antuan de Sent Ekzüperi” medalının nominantı elan olunaraq müvafiq diploma layiq görülüb.
   Mükafatın təşkilat komitəsi rəsmisi Simon Qarnier yazıçının əsərini “İnsanla təbiətin mistik vəhdətinin gözəl nümunəsi” adlandırıb.
   “L`Autographe” dünya yazarlarının seçmə nəsr nümunələrindən ibarət illik ədəbi almanaxdır. Almanax nəsr əsərini təqdim etməklə yanaşı, yazıçının xəttini də avtoqraf kimi oxucularına nümayiş etdirir.
   Mayın 17-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail MKS-nin 1 saylı filialında yazıçı Varis Yolçuyevlə görüş keçirilib.
   Kitabxana filialının müdiri Gülşən Abbasova qonaqlara yazıçının həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, Varis Yolçuyevin romanları təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda da oxucu rəğbəti qazanıb. Onun “Bir ovuc torpaq”, “Sənə inanıram” romanları əsasında çoxseriyalı televiziya filmləri çəkilib. Tədbir iştirakçıları yazıçını “Antuan de Sent Ekzüperi” diplomuna layiq görülməsi münasibətilə təbrik ediblər.
   Sonra yazıçı yaradıcılığı və əsərləri barədə söz açıb, iştirakçıların suallarını cavablandırıb. Tədbirin sonunda yazıçı oxucular üçün kitablarını imzalayıb.