“Qızıl palma budağı” uğrunda 19 film yarışır
   
   Mayın 17-də Fransanın Kann şəhərində 70-ci Kann Film Festivalının möhtəşəm açılış mərasimi olub. Mərasimin keçirildiyi sarayın giriş hissəsi məşhur italiyalı aktrisa Klaudiya Kardinalenin nəhəng plakatı ilə bəzədilmişdi. Builki festivalın siması məşhur italiyalı aktrisa Klaudiya Kardinalenin 1959-cu ilə aid fotosu seçilib.
   Dünya şöhrətli italyan aktrisa Monika Belluççinin aparıcısı olduğu gecədə tanınmış aktyor və aktrisalar iştirak edib. Festivalın açılış günündə fransız kinorejissoru Arno Depleşenin “İsmayılın kabusları” filmi nümayiş olunub. 
   Festivalın münsiflər heyətinə isə məşhur ispan rejissor Pedro Almodovar başçılıq edir. Münsiflər heyətində aktyor və prodüser Uill Smit, aktrisa Cesika Çesteyn, rejissor Maren Ade, aktrisa Fan Binbin, aktrisa və rejissor Aqnes Jaui, bəstəkar Qabriel Yared, rejissorlar Paolo Sorrentino və Pak Çjun-Xo yer alıb. 
   Mayın 28-dək davam edəcək festivalda baş mükafat - “Qızıl palma budağı” uğrunda 19 film yarışır. Festivalın əsas proqramında “İkiüzlü məşuq” (rejissor Fransua Ozon), “Xoşbəxt sonluq” (Mixail Haneke), “Faciəli tamah” (Sofiya Koppola), “Müqəddəs maralın qətli” (Yorqos Lantimos), “Heç bir yerdən olan” (Fatih Akın), “İşıq” (Naomi Kavase), “Möcüzələrlə dolu dünya” (Todd Heyns), “Qəzəbli” (Mişel Xazanaviçus), “Sevgisizlik” (Andrey Zvyagensev), “Artıq adam” (Kornel Mundruso), “Okça” (Pon Cun-Xo), “Sakit” (Sergey Loznitsa), “Növbəti gün” (Hon San-Su), “Sən heç vaxt burda olmamısan” (Linn Remsi) filmləri yer alıb.
   Qeyd edək ki, Kann kinofestivalı dünyanın ən nüfuzlu kino tədbiri, Berlin və Venesiya festivalı ilə birgə Avropanın üç ən böyük festivalından biridir. Ənənəvi olaraq may ayında keçirilən festival bu 70 illik yubileyini qeyd edir. 
   
   İlona