Mayın 25-dən 27-dək Qazaxıstanın paytaxtı Astanada türkdilli ölkələrin Humanitar elmlər üzrə II Beynəlxalq forumu keçiriləcək.
Forum çərçivəsində Beynəlxalq Türk Akademiyası ilə Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz arasında əməkdaşlıq memorandumunun imzalanması nəzərdə tutulub. Mərkəzin direktoru Asif Usubəliyev bununla bağlı Astana şəhərinə səfər edəcək.
Mərkəzdən bildirilib ki, əməkdaşlıq memorandumu çərçivəsində müxtəlif səpkili birgə tədbirlərin təşkili ilə yanaşı, tərəflərin qarşılıqlı informasiya dəstəyinin göstərilməsi də nəzərdə tutulur. Müasir qloballaşma şəraitində milli identikliyin qorunması vəzifəsinin vacibliyini nəzərə alaraq tərəflər, eyni zamanda mədəni irs nümunələrinin təbliği istiqamətində layihələrin icrasını planlaşdırır.
Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə təşkil olunan ənənəvi forumun əsas strateji hədəfi türkdilli ölkələrin alim və ziyalılarının potensialını cəlb etməklə, bu ölkələrin humanitar inteqrasiyasını və birgə layihələrin icrasını təmin etməkdir. A.Usubəliyev tədbirdə “Türkdilli ölkələrin mədəniyyət siyasətinin prioritetləri” mövzusunda məruzə ilə çıxış edəcək.