Mayın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, Xalq artisti Məhluqə Sadıqovanın xatirəsinə həsr olunan tədbir keçirildi. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə gerçəkləşdi.
   Xatirə gecəsində Xalq artisti Ramiz Məlikov çıxış edərək Məhluqə Sadıqovanın Azərbaycan incəsənətində xidmətlərindən və yaratdığı obrazlar qalereyasından danışdı. Diqqətə çatdırıldı ki, görkəmli aktrisa Akademik Milli Dram Teatrında ən müxtəlif janrlarda hazırlanmış tamaşalarda yaddaqalan obrazlar yaradıb. 
   Sənətkarın ömür yolundan söz açıldı. Qeyd edildi ki, Məhluqə Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində dünyaya göz açıb. Yaradıcılıq fəaliyyətinə 1936-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında başlayıb. Ömrünün 60 ildən artıq bir dövrünü bu sənət ocağına həsr edib. Lirik və xarakterik rolların ifaçısı kimi teatr sənətimizin inkişafına xidmətlər göstərib.
   Səhnəmizə Azərbaycan qadınının sadə və təmkinli danışığını, şirin ləhcəsini gətirən Məhluqə Sadıqova XX əsr milli mədəniyyətimiz tarixində məharətli bədii qiraət ustası kimi də tanınıb. O, uzun illər Azərbaycan Radiosunda “Bulaq” verilişinin əvəzsiz aparıcılarından olub. 
   Məhluqə Sadıqovanın sənətdə göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. O, respublikanın Xalq artisti fəxri adına, müxtəlif təltiflərə layiq görülüb.
   Sonra Branislav Nuşiçin “Nazirin xanımı” əsərinin tamaşası nümayiş olundu. 1970-ci ildə Akademik Dram Teatrının səhnəsində görkəmli rejissor Tofiq Kazımovun quruluş verdiyi bu əsərdə Məhluqə Sadıqova Nata xanım obrazını canlandırıb. Tamaşanın növbəti nümayişi unudulmaz aktrisanın xatirəsinə həsr olunub.
   
   Savalan Fərəcov