Azərbaycan
   
   24 may 1863 - Şair, nasir, tərcüməçi, maarifçi Rəşid bəy İsmayıl oğlu Əfəndiyev (1863 - 31.8.1942) Şəkidə anadan olub. "Qan ocağı”, "Pul dəlisi", "Saqqalın kəraməti", "Diş ağrısı" və s. pyeslərin müəllifidir. Qori seminariyasında dərs deyib, dərsliklər yazıb.
   24 may 1874 - Görkəmli şair, tərcüməçi Abbas Səhhət (Abbasqulu Əlabbas oğlu Mehdizadə; 1874-1918) Şamaxıda anadan olub. Rus, ərəb, fars, gürcü və fransız şair və yazıçılarının əsərlərindən tərcümələrini 1912-ci ildə “Məğrib günəşləri” (iki cilddə) adlı kitabında çap etdirib.
   24 may 1879 - Publisist, teatr xadimi Mehdi bəy Süleyman bəy oğlu Hacınski (1879-1941) anadan olub. "Nicat" xeyriyyə cəmiyyətinin teatr bölməsinə rəhbərlik edib.
   24 may 1880 - Şair, publisist Əliqulu Qəmküsar (Əliqulu Ələkbər oğlu Nəcəfov; 1880 - 4.3.1919) Naxçıvanda doğulub.
   24 may 1893 - İlk azərbaycanlı qadın pianoçulardan olan Xədicə Qayıbova (1893 - 27.10.1938) Tiflisdə doğulub. 
   24 may 1899 - Şairə Ümgülsüm Sadıqzadə (1899-1944) Bakının Novxanı kəndində doğulub. 1937-ci ildə həyat yoldaşı, yazıçı-dramaturq Seyid Hüseyn güllələnib, Ü.Sadıqzadə Mordoviya həbs düşərgəsinə göndərilib. 1944-cü ilin iyulunda həbsdən geri qayıdıb, iki ay sonra vəfat edib.
   24 may 1925 - Ədəbiyyatşünas, türkoloq, həkim, ictimai xadim Cavad Heyət (1925 - 12.8.2014) Təbrizdə doğulub. “Azərbaycan ədəbiyyat tarixinə bir baxış”, “Türklərin tarix və mədəniyyətinə bir baxış” və s. əsərlərin müəllifidir. Azərbaycan dilində «Varlıq» jurnalını nəşr etdirib.
   24 may 1948 - Xalq artisti Fuad Ağarəhim oğlu Poladov Bakıda doğulub. Milli Dram Teatrında çalışıb, 1989-cu ildən Rus Dram Teatrının aktyorudur. Teatrla yanaşı, kinoda (“Güllələnmə təxirə salınır!...”, “Ovsunçu”, “Küçələrə su səpmişəm”), teletamaşalarda (“Atayevlər ailəsi”, “Alov” və s.) zəngin obrazlar qalereyası yaradıb.
   
   25 may 1936 - Azərbaycan Dövlət Filarmoniyası yaradılıb. Filarmoniyanın yerləşdiyi bina 1912-ci ildə “İctimai toplantılar üçün yay binası” olaraq inşa edilmişdi. 1920-ci ildə təşkil edilən Azərbaycan Dövlət Simfonik Orkestri, digər musiqi kollektivləri burada çıxış edirdilər. 1936-cı ildə respublikanın musiqi qurumları Filarmoniyada birləşdirildi.
   25 may 1942 - Əməkdar mədəniyyət işçisi, xormeyster, Prezident təqaüdçüsü Səidə Müslüm qızı Məmmədova anadan olub. Naxçıvan Dövlət Universitetinin professorudur.
   
   26 may 1877 - Maarifçi-alim Mirzə Məhəmmədəli Tərbiyət (1877 - 17.1.1940) Təbrizdə doğulub. Şəhərin bələdiyyə rəisi olub, yeni tipli "Tərbiyət" mədrəsəsi və kitabxana açıb. Qədim zamandan XX əsrədək Azərbaycan mədəniyyəti tarixini əhatə edən "Danişməndani-Azərbaycan" ensiklopedik toplusunun müəllifidir.
   26 may 1894 - Ədəbiyyatşünas alim, publisist Vəli Məmmədhüseyn oğlu Xuluflu (1894-1938) Şəmkir rayonunun Xuluflu kəndində doğulub. 20-ci illərdə Azərbaycanda latın qrafikalı əlifbanın tətbiqi və digər türkdilli ölkələrdə yayılmasında aktiv fəaliyyət göstərib, “El aşıqları” toplusunu tərtib edib. Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru işləyib. 
   26 may 1914 - Xalq yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev (1914 - 3.10.1996) Füzuli şəhərində anadan olub. "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", “Geriyə baxma, qoca” və s. romanların, povest və hekayələrin, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin («Atayevlər ailəsi», «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Mahnı dağlarda qaldı», “Natəvan”, “Şeyx Xiyabani», “Hökmdar və qızı” və s.) müəllifidir.
   26 may 1941 - Xalq artisti, tanınmış diktor Ofelya Hacağa qızı Sənani anadan olub. "Azərbaycanfilm" kinostudiyasında bir çox filmlərin qəhrəmanlarını səsləndirib. "Dağlarda döyüş", "Ulduzlar sönmür" filmlərində çəkilib.
   26 may 1953 - Yazıçı-publisist, millət vəkili Elmira Hüseyn qızı Axundova anadan olub. "Poliqrafçının ölümü", "Həqiqət anı" və s. kitabların müəllifidir. Azərbaycan yazıçılarının əsərlərini rus dilinə tərcümə edib. 
   
   Dünya
   
   24 may 1899 - Belçika əsilli fransız şairi, rəssam Anri Mişo (1899-1984) anadan olub.
   24 may 1905 - Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1965) Mixail Aleksandroviç Şoloxov (1905 - 21.2.1984) anadan olub. Əsərləri: “Sakit Don” , “Dirçələn torpaq”, “Onlar Vətən uğrunda döyüşüblər”, “İnsanın taleyi” və s.
   24 may 1940 - Rus şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1987) İosif Aleksandroviç Brodski (1940 - 26.1.1996) Leninqradda (Sankt-Peterburq) doğulub. 1972-ci ildə Amerikaya mühacirət edib, Nyu-Yorkda vəfat edib.
   
   25 may 1905 - Ukrayna yazıçı-dramaturqu, akademik Aleksandr Korneyçuk (1905-1972) anadan olub.
   25 may 1942 - Rusiyanın Xalq artisti Aleksandr Kalyagin anadan olub. Azərbaycanda rejissor Rasim Ocaqovun “İstintaq”, “Bağlı qapı”, “Park”, “Özgə ömür” filmlərinə çəkilib. 
   
   26 may 1822 - Fransız yazıçısı Edmon de Qonkur (Edmond Huot de Goncourt; 1822 - 16.7.1896) anadan olub. Yazıçı Jül de Qonkurun (1830-1870) böyük qardaşıdır. Fransanın ən nüfuzlu ədəbi təltifi olan Qonkur mükafatı (Prix Goncourt) onların şərəfinə təsis edilib.
   26 may 1842 - Gürcü yazıçısı və şairi Georgi Seretelli (1842 -1900) anadan olub. Əsərləri: “İlk addım”, “Asimat xala”, “Boz qurd” və s.
   26 may 1878 - Amerikalı balerina, baletdə modern rəqsin banilərindən biri Aysedora Dunkan (Isadora Duncan; 1878-1927) anadan olub. 
   26 may 1904 - Görkəmli türk şairi və mütəfəkkiri Nəcib Fazil Qısakürək (1904 - 25.5.1983) anadan olub.
   26 may 1908 - Rus yazıçı-dramaturqu Aleksey Nikolayeviç Arbuzov (1908-1986) anadan olub. Əsərləri: “Köhnə dəbli komediya”, “Tanya”, “On ikinci saat” və s.
   
   Hazırladı: Vüqar Orxan