UNESCO-nun baş direktoru “Dialoq və inkişaf naminə dünya mədəni müxtəliflik günü” münasibətilə ictimaiyyətə müraciət edib
UNESCO-nun baş direktoru İrina Bokova mayın 21-də qeyd olunan “Dialoq və inkişaf naminə dünya mədəni müxtəliflik günü” ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib. Beynəlxalq gün BMT Baş Assambleyasının 2003-cü il 20 fevral tarixli qətnaməsi ilə təsis olunub.
Baş direktorun müraciətində diqqətə çatdırılır ki, mədəni müxtəliflik həyatımızı zənginləşdirən, bizə bir yerdə inkişaf etmək imkanı yaradan yeni ideya və perspektivlər təqdim edir: “Dialoq və inkişaf naminə dünya mədəni müxtəliflik günü” bizə mədəni müxtəlifliyin böyük üstünlüklərini, o cümlədən bəşəriyyətin zəngin qeyri-maddi mədəni irsini vurğulamaq, qarşılıqlı anlaşmaya və mədəniyyətlərarası dialoqa əsaslanan daha dinc dünya qurmağa sadiq qaldığımızı bəyan etmək imkanı yaradır”.
Qeyd olunur ki, bəşəriyyətin mədəni müxtəlifliyinin gücündən və yaradıcı potensialından istifadə etmədən BMT-nin “2030 - Dayanıqlı inkişaf məqsədlərinin gündəliyi”ndə nəzərdə tutulan 17 hədəfə çatmaq mümkün deyil. “Bütün dünyada mədəni azlıqlar ümumi irsimizi məhv edən, xalqlar və onların tarixləri arasında mühüm əlaqələri zəiflətməyə çalışan ekstremistlərin hədəfi olur. Digər tərəfdən isə şəhərlərin nəzarətdən çıxan inkişafı onların sosial müxtəlifliyini və məişətini yoxa çıxarmaq təhlükəsini yaradır. Buna görə də XXI əsrdə bizə yeni humanizm konsepsiyası lazımdır. İnsan haqlarına əsaslanan UNESCO əmindir ki, müxtəliflik bizi daha güclü edir və mədəniyyətlərarası dialoq, dayanıqlı inkişaf və sülh üçün mədəni müxtəlifliyin böyük rolu var”, - deyə müraciətdə vurğulanır.