70-ci Kann kinofestivalının qalibi bəlli olub
Fransanın Kann şəhərində mayın 17-dən 28-dək davam edən, sayca 70-ci olan film festivalı başa çatıb. Festivalın əsas müsabiqəsinin münsiflər heyətinə məşhur ispan rejissoru Pedro Almodovar rəhbərlik edirdi. Müsabiqədə 19 film nümayiş olunub.
Avropanın ən böyük kino tədbirlərindən sayılan festivalın qalibi İsveç rejissoru Ruben Estlundun "Kvadrat" filmi olub. Ekran əsəri "Qızıl palma budağı"na layiq görülüb.
Kann festivalının ikinci mükafatı sayılan Qran-pri mükafatını fransız rejissor Robin Kampiyonun "Dəqiqədə 120 zərbə" filmi qazanıb.
“Jürinin prizi” mükafatına rusiyalı Andrey Zvyagintsev "Sevgisizlik" dramına görə layiq görülüb.
"Ən yaxşı ssenari" nominasiyasında yunan rejissoru Yorqos Lantimosun "Müqəddəs maralın qətli" qalib olub. “Ən yaxşı rejissor işi” nominasiyasında mükafata Sofiya Koppola ("Başdan çıxarılan") layiq görülüb.
“Ən yaxşı aktyorlar” mükafatını Diana Krüqer ("Heç yerdən") və Xoakin Feniks ("Sən burada heç vaxt olmamısan") qazanıb.
Aktyorlar Uill Smit və Nikol Kidman isə Kann kinofestivalının 70 illiyi ilə bağlı xüsusi mükafatlarla təltif olunub.
İlona