İyunun 1-də F.Əmirov adına 6 saylı onbirillik Uşaq incəsənət məktəbində Beynəlxalq uşaqları müdafiə günü münasibətilə tədbir keçirildi.
Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev, əməkdar incəsənət xadimləri, bəstəkarlar Sərdar Fərəcov, Cahangir Zülfüqarov, digər qonaqlar iştirak edirdi.
“Uşaqlara məhəbbətlə” adlı tədbiri məktəbin direktoru, Əməkdar müəllim, professor Adilə Yusifova açaraq uşaqların cəmiyyətin, xalqın gələcəyində rolundan danışdı, ulu öndər Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” kəlamını diqqətə çatdırdı.
Sonra konsert proqramı təqdim olundu. Məktəbin kiçik və böyük xoru, skripkaçılardan ibarət ansambl, “Odlar yurdu” rəqs kollektivi, istedadlı şagirdlərdən N.Bağırlı, E.Hacıyev, C.Balayev, T.Cəfərli və başqalarının ifasında rəngarəng musiqi əsərləri ifa olundu.
S.Fərəcov