Bu il böyük satirik şair, XX əsr Azərbaycan ictimai fikir tarixində özünəməxsus mövqeyi olan Mirzə Ələkbər Sabirin (1862-1911) 155 illik yubileyi qeyd olunur. Ölməz sənətkarın yubileyinə həsr olunmuş tədbirlərdən biri də mayın 30-da “Mickey’s House” məktəbəqədər təhsil müəssisəsində təşkil olunub.
İngilisdilli bağça olmasına baxmayaraq, təhsil müəssisəsi zəngin Azərbaycan ədəbiyyatını və dahi Azərbaycan şairlərini övladlarımıza tanıtdırmağı öz fəaliyyətində əsas məqsədlərdən biri kimi görür.
“Gülərək ağlayan şair” adlı tədbirin tərtibatında şairin dövri mətbuat materiallarından, karikaturalardan, ev-muzeyində çəkilmiş fotolardan və s. istifadə olunub. İki hissədən ibarət olan tədbirin birinci hissəsində şairin həyat və yaradıcılığı haqqında kiçik həcmli məruzə təqdim olunub.
Tədbirin ikinci hissəsində isə uşaqların və Mirzə Ələkbər Sabir obrazının ifasında şeirlər səslənib, şairin şeirlərinə bəstələnmiş mahnılar ifa olunub. “Oxutmuram, əl çəkin” şeiri əsasında səhnəcik tədbirə xüsusi rəng qatıb.
Tədbir Sabir yaradıcılığına həsr olunmuş suallardan ibarət viktorina ilə yekunlaşıb.