Heydər Əliyev Fondunun layihəsi əsasında yaradılan Quba Soyqırımı Memorial Kompleksi XX yüzilliyin əvvəlində ermənilərin Azərbaycanda həyata keçirdikləri soyqırımı, etnik təmizləmə faktlarının dünyaya çatdırılmasında mühüm rol oynayır.
Son dövrlər kompleksin məzarlıq hissəsindəki ərazidə açıq havada qalan insan sümüklərinin təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunur. Prezident İlham Əliyev kompleksin mövcud vəziyyətinin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə müvafiq tapşırıq verib.
Bu tapşırığa uyğun olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev sərəncam imzalayıb. Sərəncama əsasən, kompleksin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün Komissiya yaradılıb. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov komissiyanın sədri təyin edilib.
Müxtəlif qurumların təmsilçilərindən ibarət komissiyanın tərkibinə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev də daxildir.
Komissiya araşdırmanın nəticələri və görüləcək işlər barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etməlidir.