Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib.
Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva mədəniyyət ocağı haqqında məlumat verib. Bildirib ki, muzey Azərbaycan dövlətinin tam dəstəyi ilə əsaslı şəkildə təmir olunub. Muzeydə Mirzə Fətəli Axundzadəyə aid müxtəlif şəxsi əşyalar, əlyazmalarının surətləri, kitablar, şəkillər, habelə bu evdə olmuş görkəmli müasirlərinin xatirə əşyaları qorunub saxlanılır.
G.Əfəndiyeva qeyd edib ki, belə bir muzeyin fəaliyyət göstərməsi Azərbaycanın görkəmli yazıçısı, dramaturqu və ictimai xadimi M.F.Axundzadə irsinin, eyni zamanda, Azərbaycanın və bütövlükdə türk dünyası mədəniyyətinin mühafizəsi baxımından vacib əhəmiyyət kəsb edir.
Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən muzeyin gələcək layihələrinə dəstək veriləcəyi bildirilib.