Qobustan Milli tarix-bədii qoruğunun yaradılmasının 50 ili və bu tarixi məkanın UNESCO-nun Dünya irsi siyahısına daxil edilməsinin 10 ili tamam olur. Bu əlamətdar yubileylər çərçivəsində 13-14 iyun tarixində “Qobustan - mədəniyyətlərin qovşağında qayaüstü incəsənət” adlı beynəlxalq konfrans keçiriləcək.
Konfransın açılış mərasimi 13 iyunda “Rəsmi Qəbullar Sarayı”nda (keçmiş Səadət Sarayı) olacaq. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun dəstəyi və beynəlxalq elmi-əməkdaşlıq çərçivəsində Qobustan qoruğunun əməkdaşları tərəfindən aparılan tədqiqatlarla bağlı “Qobustan. Yeni baxış” adlı layihənin təqdimatı keçiriləcək.
Həmin gün Mədəniyyət və Turizm Nazirliyi, AMEA və Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qobustan Milli tarix-bədii qoruğunda təntənəli yubiley tədbiri keçiriləcək.
Qeyd edək ki, sahəsi 3 min 96 hektar olan Qobustan qoruğu 1966-cı ildə yaradılıb. Ərazidə 20 mağara və yaşayış yeri, tunc və sonrakı dövrlərə aid 40 kurqanda tədqiqat işləri aparılıb. Nəticə olaraq, 1031 qaya üzərində çəkilmiş 6300-dən çox qayaüstü təsvir və 105 000 ədəd arxeoloji material qoruğun fonduna daxil edilib. 2007-ci ildə Qobustan qoruğu UNESCO-nun Dünya irsi siyahısına salınıb. Həmin il respublika hökumətinin qərarı ilə Qobustana milli qoruq statusu verilib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı əsasında Qobustan Milli qoruğunun ərazisində aparılan genişmiqyaslı yenidənqurma və abadlıq işləri nəticəsində yeni inzibati və muzey binası tikilərək 2012-ci ildə istifadəyə verilib.
Həmin il Qobustan qoruğunun muzey kompleksi “Avropanın ən yaxşı muzeyi” mükafatına layiq görülüb.
2015-ci ildə Qobustan Milli tarix-bədii qoruğu Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən sertifikatlaşdırılmış “Daş üzərində qədim yazılar” mədəni turizm marşrutlarına daxil edilib.